Türkiyə təhlükəsizlik tədbirlərini gücləndirdi

Türkiyə Qara dəniz hövzəsində artan risklər fonunda təhlükəsizlik tədbirlərini daha da sərtləşdirib.
Sfera.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Ankara regional məsuliyyət prinsipi çərçivəsində Ukraynada davam edən müharibənin yaratdığı dəniz təhdidlərinə qarşı lazımi addımlar atır.
“Görülən tədbirlər dəniz zonalarımızın, eləcə də kritik sualtı və yerüstü infrastrukturların təhlükəsizliyinin təmin olunmasına yönəlib. Bu prosesə Hərbi Dəniz Qüvvələrimizin və Hərbi Hava Qüvvələrimizin iştirakı ilə aparılan kəşfiyyat və müşahidə fəaliyyətləri daxildir”, – məlumatda qeyd olunur.
Nazirlik həmçinin əlavə edib ki, Qara Dəniz Minalardan Təmizləmə Qrupu çərçivəsində işlər fasiləsiz davam etdirilir və regionun ümumi təhlükəsizlik mühiti yaxından nəzarətdə saxlanılır.
Fidan Hacızadə
Sfera.az
