Pakistanın Ermənistanda səfirliyi açılacaq

Ermənistan və Pakistanın diplomatik nümayəndələri Pakistanın Ermənistanda səfirliyinin açılması üzərində fəal işləyirlər.
Diplomatik mənbəmizin sözlərinə görə, bu səfirliyin açılışı gələn il nəzərdə tutulub.
Sfera.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) “Armenian News-NEWS.am” sayta təsdiqləyib.
“Ermənistan və Pakistan arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalamaqla Ermənistan və Pakistan hökumətləri 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və ənənəvi beynəlxalq təcrübəyə uyğun olaraq diplomatik münasibətlərin qarşılıqlılıq əsasında həyata keçirilməsi məqsədilə nümayəndə mübadiləsi aparmağa və bir-birlərinə lazımi dəstəyi göstərməyə razılaşıblar”, - deyə Ermənistan XİN-in rəsmi cavabında bildirilib.
Avqustun 31-də Ermənistan və Pakistan arasında diplomatik əlaqələr qurulub. Həmin gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Çinin Tianjin şəhərində Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb, görüş zamanı Ermənistan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasına dair birgə kommünike imzalanıb.
Amma diplomatik münasibətlərin qurulmasından cəmi bir neçə gün sonra məlum oldu ki, Pakistan Ermənistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük müraciətini əngəlləyib.
Məlumdur ki, Pakistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək verən ölkələrdən biridir.
Ermənistan isə son illərdə Pakistanın münaqişədə olduğu Hindistandan da silah alıb.
Pakistanın Ermənistanda səfirliyinin açılmasının Ermənistan-Pakistan və Ermənistan-Hindistan münasibətlərinin gələcək inkişafına necə təsir edəcəyini zaman göstərəcək.
Firuzə Əliyeva
Sfera.az
