Hakan Fidan Vyanaya gedir - Türkiyə münaqişənin bitməsini istəyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Vyanada keçiriləcək ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək və Ankaranın Ukraynadakı münaqişənin həlli üçün sülh səylərinə verdiyi dəstəyi vurğulayacaq.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, Hakan Fidan 4–5 dekabr 2025-ci il tarixlərində Finlandiyanın ev sahibliyi ilə Vyanada keçiriləcək 32-ci ATƏT Nazirlər Şurasının iclasında iştirak edəcək. Nazir birinci sessiyada çıxış edəcək və çıxışında Türkiyənin Rusiya–Ukrayna münaqişəsində ədalətli və davamlı sülhün əldə olunmasına yönəlmiş səyləri alqışladığını qeyd edəcək. O, həmçinin münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayacaq və Türkiyənin tərəflər arasında danışıqları asanlaşdırmağa hazır olduğunu bildirəcək.
Nazir çıxışı zamanı “Yaxın Şərqdə İsrail təcavüzü və Qəzza zolağında soyqırım” məsələsinə də toxunacaq.
Niyaz Hacıyev
Sfera.az
