Avropa İttifaqı Paşinyanı gücləndirir – Seçki öncəsi kritik dəstək

Avropa İttifaqı Paşinyanı gücləndirir – Seçki öncəsi kritik dəstək
Kateqoriya məlum deyil
T

Brüsseldə keçirilən Ermənistan–Avropa İttifaqı (Aİ) Tərəfdaşlıq Şurasının iclasında imzalanan yeni strateji tərəfdaşlıq gündəliyi Cənubi Qafqazda balansların dəyişə biləcəyi ilə bağlı sualları yenidən gündəmə gətirib. Sənəd iqtisadi inkişafdan tutmuş institutların möhkəmləndirilməsinə, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığa qədər bir sıra həssas istiqamətləri əhatə edir. Aİ-nin Ermənistana hibrid təhdidlərə qarşı dəstək mexanizmlərini gücləndirməsi və monitorinq fəaliyyətini genişləndirməsi isə xüsusilə seçkiqabağı dövrdə ölkənin daxili siyasi proseslərinə təsir ehtimalını artırır.


Bu zaman sual ortaya çıxır: Ermənistan-Aİ arasında imzalanan yeni gündəlik region üçün nə kimi dəyişikliklər vəd edir və Aİ-nin hibrid təhdidlərə qarşı dəstəyinin genişlənməsi Ermənistanın daxili siyasətinə, xüsusilə seçkiqabağı mərhələyə necə təsir göstərə bilər?


Politoloq Aytən Qurbanova Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistan-Avropa İttifaqı münasibətlərində uzunmüddətli müşahidə olunan fəallıq var:


“Avropa İttifaqının Tərəfdaşlıq Şurasının iclasında Ermənistanla qəbul olunmuş razılığa əsasən strateji tərəfdaşlıq gündəliyinin imzalanması onu deməyə əsas verir ki, hazırda Avropa İttifaqı Paşinyan administrasiyasına seçki ilə bağlı dəstək verməyə, eyni zamanda bu istiqamətdə ola biləcək təhlükəsizlik tətillərinə münasibətdə ortaq addımların atılması üçün şərait yaratmağa çalışır”.

 


Politoloq qeyd edib ki, əldə olunmuş razılıqlar, 2026-cı il seçkiləri öncəsi Paşinyan administrasiyasının daxilindəki mövqeyini kifayət qədər gücləndirəcək təsirlərə malik ola bilər:


“Eləcə də, Avropa İttifaqı-Ermənistan münasibətləri cəmiyyətdə Paşinyana olan münasibətdə müəyyən müsbət geridönüşləri də özündə ehtiva edir. Çünki Ermənistan cəmiyyəti Avropaya inteqrasiyanı özü üçün xilas yolu hesab edir. Ola biləcək bütün sosial problemlərin həlli, daxildə olan təhlükəsizlik tətilləri və digər istiqamətdə olan addımlara münasibətdə Avropa ilə münasibətlərin inkişaf etdirilməsi, Qərbin siyasi kursunu götürməsi Ermənistan cəmiyyətinin böyük əksəriyyətində üstün ideya kimi qəbul oluna bilər”. 


Müsahibimiz vurğulayıb ki, bu istiqamətdə atılan addımlarda Paşinyan seçki qabağı qalib gəlməsi üçün atacağı addımlara müsbət təsirlərə malikdir:


“Birmənalı şəkildə onu ifadə etmək mümkündür ki, Avropa İttifaqı sadəcə bu sazişlə deyil, daha öncədən də Ermənistan daxilində öz hərbi və siyasi dayaqlarını yaratmaq yolu ilə həm Paşinyan administrasiyasının davamlığını təmin etməyə çalışır, həm də regionda maraqlarını Ermənistan vasitəsilə davam etdirir”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ