Konstitusiya dəyişmədən sərhədlər açılmayacaq – Cavanşir Abbaslı

Konstitusiya dəyişmədən sərhədlər açılmayacaq – Cavanşir Abbaslı
Kateqoriya məlum deyil
T

Ermənistan hazırda həm Azərbaycan, həm də Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Bu məqsədlə rəsmi İrəvan Bakı ilə bərabər Ankara ilə da müntəzəm danışıqlar aparır. 


Politoloq Cavanşir Abbaslı Sfera.az-a açıqlamasında bildirib ki, Paşinyan iqtidarı artıq reallıqlarla barışmağa başlayıb:


“Paşinyan bilir ki, Ermənistanın gələcək inkişafı Türkiyə və Azərbaycanla sərhədlərin açılmasından keçir. Əks halda iqtisadiyyatda inkişafın şahidi olmayacaqlar. Sosial durumları getdikcə çətinləşəcək”. 


Politoloqun sözlərinə görə, gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər sərhədlər açılmayacaq:


“Çünki, Paşinyan seçkilərdə qalib gəlmək istəyirsə, erməni əhalisinə qarşı radikal addımlar atmaz. O baxımdan hesab edirəm ki, parlament seçkilərində Paşinyanın qalib gələcəyi gözlənilir. Paşinyan qalib gəldikdən sonra qəti addımlarını atacaq. Düşünürəm ki, hər iki ölkə ilə, yəni Azərbaycan və Türkiyə ilə sərhədlərin açılması rəsmi İrəvan üçün olduqca vacibdir”.

 


Müsahibimiz qeyd edib ki, Ermənistan konstitusiyasında məlum dəyişikliklər, hər iki ölkəyə qarşı ərazi iddiaları aradan qalxmadığı müddətcə, iki qardaş ölkə ilə sərhədlərin açılması mümkünsüzdür:


“Bunun hər biri mərhələli şəkildə keçiriləcək. Ona görə də, parlament seçkilərini gözləmək lazımdır. Ondan sonra, böyük ehtimalla Paşinyan Ermənistan konstitusiyasındakı həmin ərazi iddiaları ilə bağlı maddənin çıxarılması ilə bağlı referenduma gedəcək. Bundan sonra isə, mərhələli şəkildə yekun sülh sazişi əldə olunacaq. Sərhədlərin açılmasının da şahidi olacayıq”. 


C. Abbaslı vurğulayıb ki, bunun başqa alternativi yoxdur və Paşinyan seçkilərin keçiriləcəyi günü gözləyir:


“Paşinyan yaxşı bilir ki, Türkiyə və Azərbaycan rəhbərliyi məlum ərazi iddiaları konstitusiyadan çıxarılmayınca sərhədlərin açılmasına heç zaman razı olmayacaqlar. Paşinyan seçkilərin keçiriləcəyi günü gözləyir ki, seçkilərdə qalib gəlsin və ondan sonra atacağı addımları rahat ata bilsin”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ