Kremlin şərtləri: Sülh, yoxsa kapitulyasiya olacaq?

ABŞ Prezidentinin təmsilçisi Vitkoffun yaxın günlərdə Moskvaya planlaşdırılan səfəri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Səfərin detalları rəsmi olaraq açıqlanmasa da, Kremlin ritorikası bu görüşün sadə diplomatik dialoqdan daha çox, tərəflər arasında mövqelərin sərtləşdiyi bir mərhələdə baş tutduğunu göstərir. Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakovun “bu səfər sülhün irəliləməsi üçün deyil, əksinə, prosesə mane olmaq üçündür” fikri isə Qərb-Rusiya münasibətlərində yeni soyuqluğun yaranması kimi dəyərləndirilir.
Bəs əslində ABŞ nümayəndəsinin Moskva səfiri hansı hədəfləri daşıyır? Rusiya tərəfi niyə səfərin nəticələrinə əvvəlcədən inamsız yanaşır?
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Sfera.az-a açıqlama verib.
Ekspertin sözlərinə görə, Uşakovun açıqlamasının arxasında Moskvanın öz mövqelərini legitim göstərmək cəhdi dayanır. Hümbətov bildirnr ki, Rusiya tərəfi uzun müddətdir irəli sürdüyü maksimalist şərtləri “sülh yolu” kimi qələmə verir:
“Rusiya hesab edir ki, onun diktə etdiyi bütün şərtlər Ukraynada sülhün bərpası üçün əsasdır. Amma burada sülhdən söhbət gedə bilməz. Bu şərtlər faktiki olaraq Ukraynanın kapitulyasiyası anlamına gəlir. Bu isə nə ABŞ-yə, nə Qərb ölkələrinə, nə də Ukraynanın özünə sərf edir”.

S.Hümbətovun fikrincə, Rusiya prosesləri manipulyasiya etməyə çalışaraq özünü sülh tərəfdarı kimi göstərsə də, real məqsəd Ukraynanı siyasi, hərbi və iqtisadi cəhətdən tam asılı vəziyyətə gətirməkdir:
“Vitkoffun səfəri kompromis tapmaq cəhdi olacaq, amma ABŞ Rusiyanın tələblərinə boyun əyməyəcək. Mən düşünmürəm ki, Vitkoff Rusiyanın istədiyi kimi hərəkət edəcək və Moskvanın diktə etdiyi şərtlərlə razılaşacaq. Əksinə, o, həm ABŞ-nin, həm də Ukraynanın maraqlarını qorumaq üçün daha balanslı mövqe ortaya qoyacaq. Vaşinqton üçün əsas məqsəd Ukraynanın təhlükəsizliyinin təmin olunması, Rusiyanın isə maksimalist mövqedən geri çəkilməsidir. Səfər zamanı təqdim edilə biləcək əsas təklif isə qarşılıqlı güzəştlərə əsaslanan, lakin Ukraynanın dövlət maraqlarını nəzərə alan bir variant olacaq”.
Politoloq qeyd edib ki, ABŞ-nin təklif edəcəyi modeldə həm Vaşinqtonun, həm də Kiyevin maraqları qorunacaq:
“Amerika çalışacaq ki, əvvəlcə öz strateji maraqlarını təmin etsin, sonra isə Ukraynanın təhlükəsizliyinə təminat verəcək bir ortaq formula nail olsun. Lakin bu, Rusiyanın hazırkı siyasi kursuna uyğun deyil. Moskva geri addım atmaq istəmir və buna görə danışıqlardan ciddi nəticə çıxacağına inanmıram”.
Bəsti Rəfizadə
Sfera.az
