Rusiya daxili auditoriyanı səfərbər edir - Yeni müharibə oyunu

Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqının (Aİ) Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşdığını iddia edib. Onun sözlərinə görə, NATO ölkələri və “ona tabe olan” Aİ öz iqtisadiyyatlarını, infrastrukturunu və cəmiyyətlərini Moskva ilə müharibə ssenarisinə uyğunlaşdırır. Aİ-yə üzv olan 27 dövlətin Rusiyaya qarşı birgə hərbi əməliyyata qoşula biləcəyi iddiası isə beynəlxalq gündəmdə geniş müzakirəyə səbəb olub.
Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sfera.az-a açıqlama verərək bildirib ki, Qruşkonun iddiaları Moskvanın Qərbə yönəlik “informasiya və psixoloji təzyiq ritorikasının” növbəti nümunəsidir.
Onun sözlərinə görə, Aİ-nin Rusiyaya qarşı müharibəyə hazırlaşdığı barədə iddiaların real siyasi və hüquqi əsası yoxdur:
“Aleksandr Qruşkonun Avropa İttifaqının guya Rusiya ilə birbaşa hərbi qarşıdurmaya hazırlaşdığı barədə səsləndirdiyi fikirlər rəsmi Moskvanın Qərbə yönəlik informasiya və psixoloji təzyiq ritorikasının növbəti nümunəsidir. Açıqlama ilk baxışdan Aİ-nin üzv dövlətlərinin Rusiyaya qarşı ortaq hərbi səfərbərlik hazırlığı kimi təqdim olunsa da, siyasi və hüquqi reallıqlar bu iddianın həqiqətə uyğun olmadığını göstərir”.

Politoloq Avropa İttifaqının hərbi blok olmadığını, vahid ordusu və məcburi müdafiə öhdəliyinin yoxluğunu qeyd edib. Onun sözlərinə əsasən, üzv dövlətlər müdafiə qərarlarını müstəqil şəkildə verir:
“27 ölkənin birgə şəkildə Rusiyaya qarşı müharibəyə girişməsi hüquqi və təşkilati baxımdan mümkün deyil. Avropanın kollektiv müdafiə mexanizmini Aİ deyil, NATO təmin edir. Üstəlik, Aİ ölkələrinin hamısı NATO-ya üzv deyil. Əksinə, NATO daxilində belə Rusiya ilə münasibətləri qorumağa çalışan və Ukraynaya dəstəyin dayandırılmasını tələb edən ölkələr mövcuddur. Aİ ölkələrinin son illərdə müdafiə xərclərini artırması Rusiyaya qarşı hücum planı deyil, Ukrayna müharibəsinin yaratdığı risklərə adaptasiya siyasətidir. Avropa infrastrukturunun və hərbi hazırlığının yenilənməsi Rusiyaya hücum üçün deyil, mümkün təzyiqlər qarşısında müdafiəni möhkəmləndirmək üçündür”.
R.Bayramov Moskvanın bu cür ritorikasının əsas məqsədlərinin daxili auditoriyanı səfərbər etmək, Aİ daxilində parçalanma yaratmaq və Ukraynaya dəstəyi azaltmaq olduğunu qeyd edib:
“Mən Qruşkonun bu açıqlamalarının ardınca Rusiya tərəfindən yeni diplomatik və ya hərbi addımların atılacağını düşünmürəm. Bu, sadəcə Moskvanın siyasi və informasiya təzyiq strategiyasının bir hissəsidir”.
Ekspertin fikrincə, yaxın perspektivdə real qarşıdurma ehtimalı yoxdur və Qruşkonun iddiaları daha çox siyasi mesaj xarakteri daşıyır.
Bəsti Rəfizadə
Sfera.az
