Xameneinin ümidi duayadır - İran xalqına nə lazımdır?

İranın ali rəhbəri Əli Xameneinin son televiziya çıxışı ölkədəki iqtisadi çətinliklər fonunda diqqət çəkən mesajlarla müşayiət olunub. Xamenei israfçılığın mövcud vəziyyətə ciddi təsir etdiyini bildirərək, problemlərin həllində dini və mənəvi dəyərlərin önəmini vurğulayıb.
O, xalqı Allaha daha çox üz tutmağa, dua və mənəvi bağlılığı gücləndirməyə çağırıb. Ali rəhbərin bu çağırışı xüsusilə enerji resursları ilə zəngin olan İranın iqtisadi böhran yaşadığı bir vaxtda səsləndirildiyi üçün ictimai və siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Bu kontekstdə dini ritorikanın böhran şəraitində istifadəsinin nə qədər doğru olduğu və enerji istehsalçısı olan ölkənin bu mesajla nə demək istədiyi sualları aktuallaşıb.
Mövzunu şərh edən politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, İranın ali rəhbəri Əli Xameneinin iqtisadi çətinliklər fonunda etdiyi dini və mənəvi çağırışlar teokratik idarəetmə modeli üçün xarakterik yanaşmadır.

Onun sözlərinə görə, İran kimi ideoloji əsasları din üzərində qurulan dövlətlərdə böhran dövrlərində dini ritorikanın gücləndirilməsi hakimiyyətin legitimliyini möhkəmləndirməyə və sosial narazılığı nəzarətdə saxlamağa xidmət edir:
“Bu çıxışlarla məsuliyyətin tam dövlət idarəçiliyinə aid olmadığı, problemin müəyyən hissəsinin “israfçılıq” və “mənəvi boşluq” kimi amillərlə bağlı olduğu mesajı verilir. Lakin politoloji baxımdan, iqtisadi problemlərin həllini mənəvi çağırışlarla əvəzləmək struktur və institusional islahatların arxa plana keçməsinə səbəb olur. Bu cür ritorika qısa müddətli psixoloji təsir yaratsa da, uzun müddətdə iqtisadi narazılığı azaltmır”.
Politoloqun fikrincə, enerji istehsalçısı olan İranın bu şəkildə dini vurğulara müraciət etməsi isə daha dərin mesajlar ehtiva edir:
“Nə qədər böyük enerji ehtiyatlarına malik olsa da, sanksiyalar, korrupsiya, köhnəlmiş infrastruktur və qeyri-effektiv idarəetmə iqtisadiyyatın real potensialını ciddi şəkildə məhdudlaşdırır. Belə şəraitdə dini çağırışlar həm daxili ictimaiyyəti sakitləşdirmək, həm də ölkənin resurslardan tam istifadə edə bilməməsi ilə bağlı sualların nəzərdən yayındırılması məqsədi daşıyır”.
Müsahibimiz qeyd edib ki, Xameneinin çıxışı iqtisadi problemin səbəblərindən kənar metafizik çərçivəyə yönəlmiş ritorikadır və İran rəhbərliyinin böhranın köklü səbəbləri ilə üzləşmək əvəzinə ideoloji müdafiə mövqeyinə çəkildiyini göstərir.
Niyaz Hacıyev
Sfera.az
