Ümidlər azalır - Sülh planı reallaşmaya bilər

ABŞ-nin xüsusi təmsilçisi Vitkoffun gələn həftə Rusiyaya planlaşdırılan səfəri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Kremlin sözçüsü səfəri təsdiqləsə də, Rusiya Prezident Administrasiyasının xarici siyasət üzrə müşaviri Yuri Uşakov açıqlamasında bu səfərin “sülh üçün deyil, sülhün qarşısını almaq üçün” ola biləcəyini bildirib.
Uşakovun bu sərt reaksiyası Vitkoffla onun arasında baş tutan telefon danışığının mediaya sızdırılmasından sonra daha da diqqət çəkib. ABŞ–Rusiya xəttində gərginlik fonunda səfərin məqsədi ilə bağlı suallar da artır.
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Vitkoff və Uşakov arasında əvvəl keçirilən görüşün detallarının mediada yayılmasından sonra tərəflər arasında müəyyən narazılıqlar yaranması mümkündür:
“Bu görüşün sızdırılması tərəflər arasında gərginlik yarada bilər. Amma nəzərə almaq lazımdır ki, məlumatı sızdıranların əsas məqsədi də məhz bu gərginliyi yaratmaqdır. Belə situasiyalarda hər iki tərəf emosiyadan uzaq durmalı, təmkin göstərməli və əlavə gərginliyin formalaşmasına imkan verməməlidir”.

Onun sözlərinə görə, məsələ təkcə Rusiya–ABŞ münasibətləri ilə bağlı deyil, həm də Donald Tramp administrasiyasının təqdim etdiyi 29 maddəlik sülh planı ilə əlaqəlidir.
“ABŞ daxilində də Trampın irəli sürdüyü layihələrə qarşı ciddi müqavimət var. Rusiya tərəfi bu 29 maddəlik sülh planını tam şəkildə qəbul etmək istəmir. Bununla bağlı müəyyən narazılıqlar var və böyük ehtimal Rusiyanın bu məsələdə öz düzəlişlərini irəli sürəcəyi gözlənilir. Növbəti mərhələdə əsas məsələ ABŞ-nin Rusiyanı həmin sülh planını qəbul etdirməyə çalışması olacaq. Amerika Trampın irəli sürdüyü maddələrin maksimum qəbul olunmasına çalışacaq. Bu istiqamətdə tərəflər arasında yeni iddialar və təkliflər ortaya çıxa bilər”.
Politoloq bildirib ki, Uşakovun Vitkoffun səfərini “sülhə mane olmaq cəhdi” kimi təqdim etməsi təsadüfi deyil:
“Bu kifayət qədər ciddi iddiadır. Yəqin ki, Uşakovun belə danışması üçün müəyyən əsaslar var. Hazırkı mərhələdə Vaşinqtonun əsas məqsədi tərəflər arasında sülh danışıqlarına nail olmaqdır. Amerika rəsmi olaraq münaqişəni bitirməyə çalışır. Düzdür, burada Vaşinqton öz maraqlarını da güdür. ABŞ-nin Ukrayna ilə mineral ehtiyatların birgə istismarı barədə müqaviləsi var və bu müqavilənin icrası Vaşinqton üçün xüsusi əhəmiyyət daşıyır”.
Z.Əmrəliyevin fikrincə, Trampın sülh planı hər nə qədər ədalətli görünməsə də, əsas məqsəd münaqişəyə son qoymaqdır. Sonda yaranan situasiya Rusiyanın da maraqlarına uyğun ola bilər:
“Sülh planının qəbulu Rusiya üçün də müəyyən üstünlüklər yarada bilər. Ona görə Rusiya çalışmalıdır ki, ABŞ ilə bu məsələdə ortaq nöqtə tapsın”.
Bəsti Rəfizadə
Sfera.az
