Avstraliya SEPAH-ı "qara siyahı"ya saldı – İran daxilində gərginlik artır

Avstraliya hökuməti uzun müddət ölkənin müxtəlif qurumları ilə aparılan müzakirələrdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) “dövlət terrorizmi” siyahısına daxil edib. SEPAH-ın 2024-cü ildə Avstraliyada yəhudi icmasına qarşı hücumların planlaşdırılmasında məsuliyyət daşıdığı bildirilib.
Bu qərar başqa dövlətlər tərəfindən də SEPAH-ı terror təşkilatı kimi tanınmasına təkan ola bilərmi?
Məsələ ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Sfera.az-a açıqlamasında bildirib ki, bu tipli addımlar SEPAH-ın İran daxilində təbliğatına xidmət edir.
Onun sözlərinə görə, İranda islahatçılarla SEPAH arasında ciddi qarşıdurma var:
“İslahatçılar çalışırlar ki, İran tədricən ənənəvi siyasətindən əl çəksin, qonşularla yanaşı Qərb dövlətləri ilə münasibətlər normallaşdırılsın və daxildə islahatlara gedilsin. Pezeşkianın timsalında hökumətin bu istiqamətdə atdığı addımlar məhz buna xidmət edir. Amma SEPAH öz mətbuat orqanları vasitəsilə bu siyasəti gözdən salmağa çalışır və müxtəlif zamanlarda Pezeşkiana qarşı qara piar kampaniyasının aparılması məhz buna xidmət edir”.
Ə.Zülfüqaroğlu hazırda islahatçıların təmsil etdiyi İran hökumətinin apardığı siyasətin geosiyasi proseslərə adekvat olduğunu və İranın xilas edilməsinə yönəldiyini qeyd edib:
“Proseslər göstərir ki, ABŞ də İranla hərbi qarşıdurmadan yayınmaqda razılığa gəlməyə çalışır. Ona görə də diplomatik kanalları açıq tutur. Bunun üçün Tramp tərəfindən verilən açıqlamalara nəzər salmaq kifayət edir. Nəzərə alaq ki, Tramp ABŞ daxilində güclü təzir rıçaqlarına malik və ictimi rəylə manipulyasiya gücü olan sionist lobbinin təzyiqlərinə rəğmən İranla bağlı konstruktiv davranmağa cəhd edir. Yəni məhdud imkanlar çərçivəsində buna çalışır. Amma, SEPAH tərfindən verilən açıqlamalar və SEPAH-a yaxın olan mətbuat orqanlarınını yaydığı məlumatlar ABŞ-İran və İsrail-İran arasında olan gərginliyin aradan qaldırılmasını əngəlləyir. Yəni, əksər hallarda SEPAH tərəfindən İranın maraqlarını təhdid edən açıqlamaların verilməsinin şahidi oluruq ki, bu da təsadüfi deil və bəlli məqsədlərə hesablanır”.

Siyasi şərhçinin sözlərinə görə, əgər Pezeşkian qonşularla və Qərb dövlətləri ilə münasibətləri normallaşdırmağa və daxildə islahatların aparılmasına nail olarsa, hansı ki, bu istiqamətdə prosesin başlandığını görürük, o zaman SEPAH-ın İran daxilində təsir imkanları zəifləyəcək:
“Qərblə normal münasibətlər, İrana qarşı təhdidlərin azalması dməkdir ki, belə olduğu halda SEPAH-ın deyil, hökumətin əhəmiyyəti artır. Nəticədə hökumət getdikcə İranda daha güclü dayaqlara malik olan gücə çevrilir. Belə olan halda da İranın faktiki sahibi olan SEPAH-ın daxildə dayaqları sarsılır və hökumətlə hesablaşmağa məcbur qalır. Sonrakı mərhələdə isə islahatların nəticəsi olaraq ya hökumətə tabe etdirilə, ya da digər silahlı qüvvələrlə birləşdirilə bilər. SEPAH bu perspektivi gördüyü üçün hökumətin İranın maraqlarına xidmət edən siyasətini sabotaj etməyə çalışır. Buna görə də kənardan anormal görünən açıqlamalar məhz buna, yəni İranın daim gərgin vəziyyətdə və təzyiq altında qalmasına xidmət edir. SEPAH-ın İran daxilində nüfuzunun qlaması üçün İrana daimi düşmən lazımdır. Bu daimi düşmənlər isə bir qayda olaraq, İsrail və ABŞ-dir”.
Ekspert SEPAH-ın bu yanaşmasının İsrail hökumətinin maraqlarını da təmin etdiyini əlavə edib:
“İsrail hökumətinin fəliyyətinin SEPAH-ın maraqlarını təmin etdiyi kimi. Bu baxımdan düşünürəm ki, İranın dövlət maraqlarına qarşı olsa da, Avstraliyanın bu addımı əslində SEPAH-ın maraqlarına uyğundur və xarici ölkələrin bu cür addımlar atması üçün SEPAH hər şey edir. Amma təbii ki, hökumətin beynəlxalq siyasətinə ciddi ziyan dəyir və manevr imkanları daralır. Bu da onu deməyə əsas verir ki, bundan sonrakı mərhələdə İran daxilində kritik mərhələ başlayacaq, SEPAH-hökumət qarşıdruması daha da güclənəcək”.
Bəsti Rəfizadə
Sfera.az
