“Rusiya və İran Cənubi Qafqazda təsir imkanlarını itirir” – ŞƏRH

Azərbaycan, İran və Rusiya arasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb istiqamətinin inkişafına dair yeni Anlaşma Memorandumu imzalanıb. Sənəd üçtərəfli əməkdaşlığın uzunmüddətli perspektivdə dərinləşdirilməsi və regional logistika imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.
Hazırkı geosiyasi vəziyyətdə bu memorandumun bölgədə qüvvələr nisbətinə necə təsir edə biləcəyi, eləcə də Moskva və Tehran üçün niyə xüsusi siyasi əhəmiyyət daşıdığı məsələsi aktuallaşıb.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Sfera.az-a açıqlama verib.
Politoloqun sözlərinə görə, son aylarda həm Moskva, həm də Tehran Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə üzləşib:
“Son vaxtlar həm Rusiya, həm də İran Cənubi Qafqaza təsir imkanlarını nəzərəçarpacaq dərəcədə itirməyə başlayıblar. Hər iki ölkənin bölgədə istifadə etdiyi ənənəvi geosiyasi alətlər ardıcıl şəkildə sıradan çıxır. Xüsusilə də avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli anlaşmadan sonra Moskvanın və Tehranın Cənubi Qafqaza giriş qapısının bağlandığı görüntüsü yaranıb”.
E.Xalidbəyli bildirib ki, məhz bu səbəbdən hər iki ölkə Azərbaycanla imzalanan istənilən sənədi xüsusi siyasi dəyər kimi qiymətləndirir:
“Azərbaycan Cənubi Qafqazın avanqard lider dövlətidir, əsas siyasi iradə mərkəzidir. Buna görə də regionun lider dövləti ilə Rusiyanın və ya İranın memorandum imzalaması və hüquqi bağlılıq faktoru qazanması hər iki qonşu üçün mühüm əhəmiyyət daşıyır”.

Politoloqun fikrincə, Rusiya və İran bu sənədi yalnız nəqliyyat marşrutu kimi deyil, həm də geosiyasi dayaq nöqtəsi kimi görürlər:
“Böyük ehtimalla həm Rusiya, həm də İran bu sənədlərdən Cənubi Qafqazda öz maraqlarını ifadə etmək üçün istifadə etməyə çalışacaq. Bunun nə dərəcədə uğurlu yanaşma olacağı isə yaxın zamanda aydınlaşacaq”.
Ekspert Rusiya və İranın mövcud nəqliyyat və logistika xətlərinin ciddi şəkildə zədələndiyini, bu da onların Azərbaycan üzərindən alternativ marşrutlara yönəldiyini vurğulayıb:
“Şimal–Cənub marşrutu Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır. Çünki marşrutun ölkəmizdən keçməsi həm tranzit imkanlarını genişləndirir, həm də ölkəyə ciddi maliyyə gəlirləri qazandırır. Lakin strateji baxımdan marşrut Rusiya və İran üçün daha həyati xarakter daşıyır. Hazırda hər iki ölkənin nəqliyyat, logistika və kommunikasiya xətləri demək olar ki, sıradan çıxmış vəziyyətdədir. Məhz buna görə Rusiya və İran Azərbaycan vasitəsilə yeni, daha təhlükəsiz və işlək marşruta sahib olurlar. Bu fakt göstərir ki, Azərbaycan həm Moskva, həm də Tehran üçün bu mərhələdə xüsusi strateji çəkisi olan dövlətdir”.
Bəsti Rəfizadə
Sfera.az






