Sülh planı: Rusiya hansı bəndlərlə razıdır? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın Rusiya–Ukrayna müharibəsinə son qoymaq məqsədilə hazırlanmış 28 maddəlik sülh planı yenidən dəyərləndirilib. Sənəddən 6 maddə çıxarıldıqdan sonra planda bəndlərin sayı 22-yə endirilib.
Bəs ABŞ-nin təqdim etdiyi sülh planında Rusiyanın razılıq verdiyi və narazı qaldığı bəndlər hansılardır?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə hazırladığı sülh planı ciddi reaksiyalar doğurdu:
“Həm Ukraynada, həm də Avropa ölkələrində bu sənədlə bağlı narahatlıq açıq şəkildə ifadə olundu. Daha sonra Ukrayna ilə ABŞ nümayəndələrinin Cenevrədə keçirdiyi görüşdən sonra tərəflər prosesi ümumilikdə “konstruktiv və pozitiv” adlandıraraq planın 22 maddəyə endirildiyini və bunun Tramp tərəfindən təsdiqləndiyini bildirdilər. İxtisar olunan və birləşdirilən 6 maddənin nədən ibarət olduğu dəqiq bilinmir. Lakin Ukraynanın və Rusiyanın mövqelərinə nəzər saldıqda burada ən həssas məsələlərin Ukrayna ərazilərinin Rusiya tərəfindən işğalının legitimləşdirilməsi, Ukrayna silahlı qüvvələrinin ixtisarı, NATO-ya üzvlüklə bağlı məhdudiyyətlər və ümumi təhlükəsizlik təminatları olduğu ehtimal edilir. NATO-nun Ukraynanı öz sıralarına qəbul etməməsi ilə bağlı müddəalar da xüsusi həssas məqamlar sırasındadır”.
Politoloq əlavə edib ki, digər tərəfdən, Ukrayna ordusunun orta və uzaqmənzilli raket sistemlərinə malik olmaması barədə tələblər də Rusiya üçün məqbul, Ukrayna üçün isə qəbuledilməz şərtlər kimi qiymətləndirilir:
“Rusiya tərəfindən qəbul olunan müddəalar isə Donbas və Krımın faktiki olaraq Moskvanın nəzarətinə verilməsi və bunun rəsmən tanınması, eləcə də Xerson və Zaporojye vilayətlərində işğal etdiyi ərazilərin Rusiyanın nəzarətində qalmasını təmin edən bəndlərdir. Yəni Ukraynanın ziyanına olan bütün maddələr Rusiyanın maraqlarına uyğun gəlir”.

O.Qasımov hazırda yeni planın Ukrayna və ABŞ nümayəndələri arasında razılaşdırıldığını qeyd edib:
“Lakin prosesin əsas sualı bundan ibarətdir: Rusiya bu planla razılaşacaqmı? Məhz bu amil vəziyyəti daha da çətinləşdirir. Moskvanın ötəri mesajları və Rusiya Duması nümayəndələrinin mövqeyi göstərir ki, Kreml belə şərtlərlə sülhə getməyə meylli deyil.
Məsələni mürəkkəbləşdirən digər faktor isə Avropanın prosesdən kənarda saxlanmasıdır. Ukraynanın gələcəyinin Rusiya və ABŞ arasında müəyyənləşdirilməsi Avropa tərəfindən qəbuledilməz sayılır. Avropa ölkələri həm Ukraynanın suverenliyi, həm də təhlükəsizlik təminatları məsələsində birmənalı mövqe nümayiş etdirirlər”.
Fidan Hacızadə
Sfera.az






