Plan sızdırıldı, proses sabotaj olunur - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-nin Ukrayna üzrə yenidən işlənmiş sülh planı təklifinə münasibət bildirərək onun qəbul edilməyəcəyinə işarə edib. O, ABŞ Prezidenti Donald Trampın sülh planını mediaya sızdıranları tənqid edərək bunun prosesi sabotaj etməyə yönəldiyini deyib. Lavrov həmçinin bildirib ki, Rusiya ABŞ-nin Avropa və Ukrayna ilə razılaşdırdığı planın yekun variantını təqdim etməsini gözləyir və tərəflər arasında rabitə kanallarının açıq olduğunu vurğulayıb.
Sergey Lavrovun ABŞ-ın Ukrayna üzrə sülh planına dair açıqlamalarında əsas mesaj nədir? Rusiya tərəfi hazırda hansı addımı gözləyir?

Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Tural İrfan bildirib ki, Rusiya yeni planın mahiyyəti barədə məlumatlıdır.
T. İrfan Rusiyanın yeni planı qəbul edəcəyinə inanmır:
“Sülh planı ortaya qoyulanda Rusiya yəqin ki, onu qəbul etməyəcək. Rusiya bilir ki, planın dəyişdirilməsi Avropanın istəyi əsasında baş verib. Lakin Rusiya tərəfindən planın tam rədd edilməsi müharibənin davam etməsi deməkdir. Trampın ortaya qoyduğu sülh planı ilə Rusiyanın razılaşması Avropa və ABŞ-nin alternativ planlarının mahiyyətindən asılıdır. Yəni, bu planı Rusiya qəbul etməsə, hansı addım atılacaq? Əks halda Rusiya digər təkliflər kimi bu planı da rədd edə bilər. Rusiyaya qarşı təzyiq vasitələrinin planları, icrası mexanizmi Avropa İttifaqı ölkələri və ABŞ-nin gündəliyinə gəlməyincə, rəsmi Moskva belə asanlıqla imtinalar edəcək”.
Fidan Hacızadə
Sfera.az






