ABŞ İranın şərtləri ilə razılaşacaqmı? – AÇIQLAMA

ABŞ İranın şərtləri ilə razılaşacaqmı? – AÇIQLAMA
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, Tehran ABŞ ilə nüvə proqramı üzrə razılaşma əldə etməyə hazırdır. O vurğulayıb ki, mümkün anlaşma hər iki tərəfin maraqlarını nəzərə almalı və qarşılıqlı balans əsasında qurulmalıdır.


Nazirin sözlərinə görə, İran dialoqa hazırdır, lakin ona diktə olunan şərtləri qəbul etmək niyyətində deyil: 


“Biz ədalətli, qarşılıqlı və birtərəfli olmayan bir razılaşmaya açığıq. Əsas məsələ də budur”.

 

Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında bildirib ki, İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlamaları Vaşinqtonla nüvə proqramı üzrə dialoqun yenidən canlana biləcəyinə işarə edir.


Onun sözlərinə görə, rəsmi Tehran ABŞ ilə razılaşmaya hazır olduğunu bildirsə də, prosesin yalnız balanslı yanaşma və hər iki tərəfin maraqlarının nəzərə alınması şərtilə mümkünsüz olduğunu vurğulayır: 


“Əslində bu, Tehranın əvvəlki mövqeyindən ciddi şəkildə fərqlənmir və birtərəfli tələbləri qəbul etməyəcəyini göstərir. Vaşinqton isə İranın nüvə fəaliyyətlərinin daha sərt şəkildə məhdudlaşdırılmasını, nəzarət və monitorinq mexanizmlərinin gücləndirilməsini, həmçinin regionda gərginliyi artıran addımların dayandırılmasını əsas şərt kimi irəli sürür. Tehran tərəfi isə sanksiyaların mərhələli şəkildə yumşaldılmasını və iqtisadi blokadanın aradan qaldırılmasını prioritet hesab edir. Məhz bu ziddiyyətli mövqelər danışıqların ən çətin aspektini təşkil edir”.

 


Ü.Zülfiqar əlavə edib ki, hazırkı mərhələdə tərəflərin şərtləri arasında ciddi fərqlər olsa da, diplomatik siqnallar göstərir ki, dialoq üçün müəyyən imkan pəncərəsi formalaşır.


O rəsmi Tehranın ədalətli və qarşılıqlı anlaşmaya açıq olduğunu bəyan etdiyini, ABŞ-nin isə regionda sabitliyin qorunması üçün diplomatik kanalların işlək qalmasında maraqlı olduğunu qeyd edib:


“Bununla belə, real irəliləyiş üçün hər iki tərəfin siyasi iradəsi vacibdir. Bu iradə olmadan konkret nəticə əldə etmək çətin görünür. Əgər tərəflər minimum ortaq məxrəcə gəlməyi bacarsalar, genişmiqyaslı razılaşma olmasa belə, mərhələli formatda müəyyən anlaşmalar mümkündür. Lakin sanksiyalar və təhlükəsizlik tələbləri ətrafındakı ciddi fikir ayrılıqları yaxın perspektivdə prosesin əsas maneəsi olaraq qalacağı ehtimal olunur”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR