“Bu səfərlər psixoloji baryerləri aradan qaldırır” - Politoloq

"Bu səfərlər psixoloji baryerləri aradan qaldırır" - Politoloq
Kateqoriya məlum deyil
T

Bakıda noyabrın 21-22-də Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək. Ekspertlər İrəvan-Bakı marşrutu üzrə çarter reysi ilə Azərbaycana gələcəklər.


Politoloq Tural İsmayılov Sfera.az-a açıqlamasında bildirib ki, Bakıda Ermənistanı təmsil edən beş ekspertin iştirakı ilə keçiriləcək dəyirmi masa iki ölkə arasında etimadın bərpası və dialoq kanallarının genişləndirilməsi məqsədi daşıyır.

 

Onun sözlərinə görə, bu cür çarter səfərlərinin açılması özü-özlüyündə mühüm psixoloji baryerlərin aşılması deməkdir:

 

“Mövzuların gündəmdə olan sülh sazişi, sərhədlərin delimitasiyası və kommunikasiya xəttlərinin açılması ətrafında cəmləşməsi gözləniləndir. Çünki regiondan kənar vasitəçilərdən daha çox, tərəflərin birbaşa danışması real nəticə gətirir”.

 


Politoloq dedi ki, bu tip ekspert görüşləri həm də rəsmi danışıqlara paralel olaraq ictimai diplomatiyanın güclənməsi baxımından vacibdir:


“Ekspertlər siyasi qərar qəbul etmir, amma mövqeləri yumşaltmaq, yanlış təsəvvürləri dağıtmaq və rasional mühit yaratmaq üçün ciddi rol oynayırlar. Ermənistan cəmiyyətinə “Bakıya getmək mümkündür, danışıq aparmaq lazımdır” mesajı ötürülməsi regionda gərginliyi aşağı salır. Azərbaycan üçün də bu, qarşı tərəfdə real dialoq tərəfdaşlarının mövcudluğunu görmək baxımından əhəmiyyətlidir”.


Müsahibimiz dedi ki, belə səfərlər həm siyasi, həm də humanitar kanalların paralel işləməsinə şərait yaradır və iki dövlətin davamlı sülhə daha yaxınlaşmasına xidmət edir:


“Nəticədə proses münaqişə ritorikasından uzaqlaşıb, qarşılıqlı maraqlara əsaslanan praqmatik mərhələyə keçir. Bu dəyirmi masa sübut edir ki, regionun gələcəyi üçün ən sağlam yol təmasların artması, şübhələrin azalması və rasional dialoqun güclənməsidir. Azərbaycan belə təşəbbüslərə açıqdır və bu açıq mövqe Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərtidir”.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR