Ukrayna-Türkiyə yaxınlaşması: Ankara danışıqları bərpa edə bilərmi?

Ukrayna-Türkiyə yaxınlaşması: Ankara danışıqları bərpa edə bilərmi?
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə rəsmi səfər edib. 


Səfərlə bağlı fikirlərini Sfera.az saytına bölüşən politoloq İlyas Hüseynov bildirdi ki, Zelenskinin səfərinin əsas məqsədi Ankaranın davamlı olaraq dəstəklədiyi Ukraynanın suverenliyi və ərazi bütövlüyü məsələsində daha güclü siyasi dayaq qazanmaqdır. Onun sözlərinə görə, Türkiyə bu prosesdə mühüm aktor hesab olunur:


“Ukrayna prezidentinin Türkiyəyə səfərinin əsas məqsədi münaqişənin Ukraynanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdır. Türkiyə ardıcıl olaraq Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Eyni zamanda Ankara neytral mövqeyini qoruyur, çünki Rusiya əleyhinə sanksiyalara qoşulmayıb və Moskva ilə ticari-iqtisadi əməkdaşlığı davam etdirir. Bununla belə, Türkiyə–Ukrayna əlaqələri də çox sıxdır və Zelenski bu dəstəyi gücləndirməyə çalışır”.

 


Ekspert Zelenski və Prezident Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış yaxın münasibətlərin hər görüşdə bir sıra mühüm razılaşmaların əldə olunmasına səbəb olduğunu vurğulayıb: 


“Xüsusilə taxıl dəhlizinin yaradılması, Ukrayna taxılının dünya bazarına çıxışı və BMT ilə birgə əldə olunan razılaşmalar, eləcə də əsir mübadiləsində Türkiyənin vasitəçiliyi Ankaranın bu prosesdə rolunun təsdiqidir”.


Politoloqun sözlərinə görə, Ankara gələcəkdə də vasitəçi missiyasını genişləndirə bilər:


“Bütün bunlar onu deməyə əsas verir ki, Zelenski ilə Ərdoğan arasında yeni görüş yeni anlaşmalara gətirib çıxara bilər. ABŞ Prezidenti Donald Tramp da Ərdoğanın vasitəçilik səylərinə böyük ümidlə yanaşır. Telefon danışıqları və müxtəlif təmaslarda Ukrayna mövzusu daim gündəlikdə saxlanılır. Hesab edirəm ki, bu səfərin müsbət nəticələri ola bilər. Zelenskinin Türkiyə səfərində həm regional təhlükəsizlik, həm də iqtisadi əməkdaşlığa dair yeni təşəbbüslərin müzakirə olunacağı gözlənilir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR