Vaqarşapat qələbəsi Paşinyanı ümidləndirir - Gələn il daha böyük uğur olacaq

Vaqarşapat qələbəsi Paşinyanı ümidləndirir - Gələn il daha böyük uğur olacaq
Kateqoriya məlum deyil
T

Ermənistanın Vaqarşapat (Eçmiədzin) şəhərində keçirilən bələdiyyə seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının qalib gəlməsi ölkənin daxili siyasi mənzərəsində mühüm dəyişikliklərə zəmin yaradır. Simvolik və dini baxımdan xüsusi önəm daşıyan Eçmiədzində hakimiyyətin üstünlük qazanması həm kilsə ilə davam edən qarşıdurmada Paşinyanın mövqelərini gücləndirib, həm də radikal-revanşist müxalifətin zəiflədiyini bir daha ortaya qoyub.


Bu nəticələr fonunda həm Ermənistanda siyasi proseslərin, həm də Bakı–İrəvan sülh danışıqlarının gələcək dinamikası aktual müzakirə mövzusuna çevrilib.
Məsələni dəyərləndirən siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlama verərək, Vaqarşapat seçkilərinin siyasi yükünü izah edib.


“Eçmiədzin kimi Ermənistanda həm dini, həm rəmzi çəkisi yüksək olan bir şəhərdə Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyasının qalib gəlməsi Paşinyan üçün sıradan bələdiyyə seçkisi uğuru deyil. Bu, ilk növbədə, Ermənistan Apostol Kilsəsinin və onun ətrafında cəmlənən köhnə “elitar” qruplarının, radikal revanşistlərin təsirinin nəzərəçarpacaq dərəcədə zəifləməsini göstərir”.


Şərhçi bildirib ki, hakimiyyətin bu şəhərdə qələbəsi Paşinyan–kilsə qarşıdurmasında balansı xeyli dəyişdirib:


“Son iki ildə kilsə ilə hökumət arasında ideoloji və siyasi qarşıdurma dərinləşmişdi və məhz Eçmiədzində qələbə Paşinyanın cəmiyyətin daha geniş kəsiminin dəstəyini aldığını nümayiş etdirir. Bu nəticələr fonunda Paşinyanın erkən parlament seçkilərinə getmək ehtimalı mümkün ola bilər. Ölkə daxilində həm kilsə, həm radikal müxalifət, həm də xarici təsir qüvvələri prosesləri yavaşlatmağa çalışırlar. Vaqarşapatdakı qələbə isə göstərir ki, seçkiyə gediləcəyi halda Paşinyanın sosial bazası hazırda stabil, idarəolunan və rəqiblərindən güclüdür”.

 


Sülh danışıqlarına təsir məsələsinə toxunan siyasi şərhçi radikal-revanşist qüvvələrin zəifləməsinin region üçün mühüm məna daşıdığını qeyd edib:


“Radikal-revanşist qüvvələrin zəifləməsi regional təhlükəsizlik baxımından diqqətçəkən məqamlardan biridir. Bu qruplar uzun illərdir normallaşma prosesinin qarşısını alan əsas maneələrdən biri idi”.


Onun fikrincə, Ermənistanda revanşizmin geri çəkilməsi həm daxili siyasət, həm də regional əməkdaşlıq üçün yeni imkanlar yaradıb:


“Radikal revanşizmin zəifləməsi ən birinci Ermənistanın bir ölkə kimi öz gələcəyi üçün müsbət irəliləyişlər vəd edə və regional inkişaf halqasına qoşulmasına səbəb ola bilər. Vaqarşapat seçkilərinin nəticələri Paşinyanın siyasi dayağının möhkəmlənməsi ilə yanaşı, həm də Ermənistanın gələcək seçki gündəliyinə və Bakı–İrəvan xəttində sülh prosesinin irəliləyişinə təsir edə biləcək mühüm faktor kimi qiymətləndirilir”.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR