"Rusiyada hakimiyyət davası başlayacaq" - PROQNOZ

ABŞ Rusiyaya qarşı sanksiyaları daha da genişləndirir.
Sfera.az xəbər verir ki, bu haqda Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə açıqlama verib.
Onun sözlərinə görə, növbəti sanksiya paketi senator Lindsi Qrem tərəfindən apreldə irəli sürülmüş və Rusiya ilə enerji-neft-qaz sahəsində əməkdaşlıq edən ölkələrə 500 faizlik tarif tətbiqini nəzərdə tutan planın qəbul edilməsidir.
“Vladimir Putinin müharibəni dağıdıcı formada davam etdirməsi və Avropanın təhlükəsizliyini açıq şəkildə təhdid etməsi ABŞ Prezidenti Donald Tramp administrasiyasını daha sərt addımlar atmağa vadar edir. Rusiya Trampın atəşkəs təklifini qəbul etmədikdən sonra Qərbə qarşı müharibə strategiyasını davam etdirdi. Bu sanksiyalar “Lukoyl” və “Qazprom” kimi nəhəng Rusiya enerji şirkətlərinin xarici aktivlərinə və səhmlərinə ciddi zərbə vurur. Gələn ildən ABŞ Ukraynaya öldürücü və hücum xarakterli silahların verilməsinə gedə bilər. Çünki Rusiya aqressiv siyasətindən geri çəkilmir, Ukraynanın işğalını davam etdirməklə post-Sovet məkanında təsirini genişləndirməyə, həmçinin Şərqi Avropanı öz nüfuz dairəsinə daxil etməyə çalışır”.
Ekspertin sözlərinə əsasən, senator Lindsi Qremin qətnaməsi qəbul olunduqdan sonra Rusiyada iqtisadi resessiyanın dərinləşəcəyi qaçılmazdır:
“Bununla belə, iqtisadi çöküşün Rusiyanın hərbi maşınını dərhal dayandırması gözlənilmir. Rusiyanı yalnız cəbhə xəttində kütləvi hücum və müdafiə silahları ilə durdurmaq mümkündür. Rusiyanın strateji məğlubiyyəti Putinin siyasi fiaskosuna gətirib çıxara bilər. Bu isə Rusiya siyasi elitasında hakimiyyət uğrunda çəkişmələri gücləndirəcək və dövlətin zəifləməsini sürətləndirəcək. Mövcud gedişata əsasən Rusiyanı ötən əsrin 90-cı illərinə bənzər yeni bir böhran dövrü gözləyə bilər”.
Bəsti Rəfizadə
Sfera.az






