Paşinyan müxalifəti "satqın" adlandırır: Seçki savaşı başlayır

Paşinyan müxalifəti "satqın" adlandırır: Seçki savaşı başlayır
Kateqoriya məlum deyil
T

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, 2026-cı ildə keçiriləcək seçkilər parlamenti xarici təsir agentlərindən və onların təmsilçilərindən təmizləmək üçün əhəmiyyətli bir fürsətdir. 


Paşinyanın sözlərinə görə, Ermənistan vətəndaşları hökuməti hələ də Robert Koçaryan, Serj Sarkisyan və onların rəhbərlik etdiyi siyasi qüvvələrə reaksiya verməkdə ittiham edirlər. Baş nazir bildirir ki, yaxın zamanda keçiriləcək parlament seçkilərində bu şəxslərin rəhbərlik etdiyi qüvvələrin parlamentə düşməməsi ehtimalı yüksəkdir. Onun fikrincə, artıq bu məsələyə son qoymağın vaxtı çatıb.


Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov hazırda Ermənistanda iqtidarla müxalifət arasında ciddi siyasi çaxnaşmanın müşahidə olunduğunu deyib.


Onun sözlərinə görə, bu qarşıdurma təkcə ölkə daxilində deyil, həm də Ermənistanda və regionda marağı olan xarici aktorlar yəni Qərb və Rusiya arasında aparılan nüfuz mübarizəsində özünü göstərir: 


“Beləliklə, həm daxili siyasi mühitdə, həm də Ermənistan üzərindəki xarici kənar qarşıdurma parlament seçkiləri ilə bağlıdır. Seçki tarixi yaxınlaşdıqca bu gərginliyin daha da dərinləşəcəyi gözlənilir. Hətta ölkədə müəyyən hallarda vətəndaş qarşıdurmasını xatırladan vəziyyətin formalaşması belə mümkündür. Aksiyaların baş verməsi real ehtimaldır və Paşinyan artıq indidən seçkiyə ciddi şəkildə hazırlaşır. Paşinyan komandası müxalifəti “satqın” və “xarici agent” kimi təqdim etməklə ictimai rəyi yönləndirməyə, siyasi üstünlük qazanmağa çalışır”.

 


K.Novruzovun fikrincə, Paşinyanın seçkidə şansı kifayət qədər yüksəkdir və o, parlament seçkilərində qalib gələ bilər:


“O, bir neçə dəfə öz qələbəsini sübut edib. Xüsusilədə 44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra belə hakimiyyəti qoruyub saxlamaqla həm daxildə, həm də beynəlxalq aləmdə güclü dayaqlara malik olduğunu göstərmişdi. Bu dəfə də onun qələbə qazanmaq ehtimalı böyükdür. Paşinyan yenidən hakimiyyətdə qalarsa, Konstitusiyada dəyişikliklərin edilməsi və sülh sazişinin imzalanması kimi məsələlər real gündəlik mövzusuna çevriləcək. Həmin dövrə qədər isə o, cəmiyyəti mərhələli şəkildə sülh prosesinə uyğunlaşdırmağa davam edəcək”.


Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR