Qazaxıstanın diplomatik manevri: ABŞ və Rusiya ilə paralel anlaşmalar

Qazaxıstanın diplomatik manevri: ABŞ və Rusiya ilə paralel anlaşmalar
Kateqoriya məlum deyil
T

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev və Rusiya Prezidenti Vladimir Putin 12 noyabr 2025-ci il tarixində Moskvada iki ölkə arasında münasibətləri “kompleks strateji tərəfdaşlıq və ittifaq” səviyyəsinə yüksəldən bəyannamə imzalayıblar.


Maraqlıdır ki, bu sənəd Tokayevin ABŞ-yə səfərindən cəmi bir neçə gün sonra imzalanıb. 6-7 noyabrda Vaşinqtonda keçirilən görüşlər zamanı Qazaxıstan və ABŞ arasında kritik minerallar sahəsində Anlaşma Memorandumu imzalanıb, tərəflər arasında 17 milyard dollarlıq investisiya və əməkdaşlıq razılaşmaları əldə olunub.

 

Qazaxıstanın cəmi bir neçə gündəki manevri nəyə xidmət edir? Rəsmi Astana hər iki güc mərkəzi ilə münasibətlərini balanslaşdırmaq istəyir?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Tural İrfan Rusiyanın postsovet məkanındakı ölkələri öz təsiri altında saxlamaq istədiyinin məlum olduğunu deyib.

 

Onun sözlərinə görə, Rusiya bunun üçün müxtəlif yollara əl atır:


“Həmin ölkələrdə separatçılığa dəstək verməkdən tutmuş, qanlı hadisələrə qədər rəvac verib tarixən. Lakin imperiya siyasətini davam etdirdikcə, təhlükəsizliyini sual altında qoyub və həmin ölkələrin əksəriyyəti onun təsirindən çıxıb.
Bununla belə, Qazaxıstanda Rusiyanın təsiri daha çox olub. Hətta vaxtilə az qala rus dilini həmin ölkədə dövlət dili səviyyəsinə gətirməyə nail olmuşdu. Ancaq son zamanlar, xüsusilə Türk Dövlətləri Birliyi çərçivəsində Qazaxıstanın tam müstəqil addımlar atması və sözügedən birliyə üzv dövlətlərlə sıx yaxınlaşması Rusiyanı ciddi narahat edib”.

 

 

Şərhçi bildirib ki, əsasən də Ukrayna müharibəsi dövründə Qazaxıstanın Rusiyadan uzaqlaşmasına rəvac vermək Moskva üçün arzuolunmaz olardı: 


“Buna görə Moskva müxtəlif yollarla bu ölkə ilə yaxınlığı qorumağa, onu əldən buraxmamağa cəhd edir. Bu ölkələr Qərblə, məsələn, ABŞ-la hər hansı bir anlaşmaya getmək istədikdə, Moskva dərhal onların başının üstünü alır. Mən bunu Qazaxıstanın manevri hesab etmirəm, təzyiq nəticəsində baş tutmuş, arzuolunmaz hadisə kimi qəbul edirəm. Qazaxıstanın cani-dildən Rusiya ilə müttəfiqlik sənədi imzalamasına inanmaq sadəlövhlük olardı. Təbii ki, bundan sonra həmçinin Vaşinqtonla da hansısa sənəd imzalaya bilər. Amma hər halda Rusiya bununla Qərbə də mesaj vermək istəyir”.

 

T. İrfan qeyd edib ki, rəsmi Astana hər iki güc mərkəzi ilə balanslaşdırılmış münasibət qurmaq istəsə belə, bu həm də həmin güclərin bölgədə güc balansının qorunması deməkdir:  

 

“Qazaxıstanın Rusiya ilə strateji müttəfiqliyə məcbur edən səbəblər var. Bu səbəblər Türk Dövlətləri Birliyinə üzv ölkələr arasında təsirli və vahid güc mənbəyi kimi müttəfiqliyin hələ reallaşmamasıdır. Şimali Kiprin tanınması məsələsində də Qazaxıstan fərqli mövqe tutdu. Türk dövlətlərinin cəsarətli və sağlam ittifaqı olmadıqca, bir tərəfdən Qərb, digər tərəfdən də Rusiya hərəsini öz tərəfinə çəkərək bölgədə yenidən imperiya siyasətini davam etdirəcək”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR