İmamoğlu məhkəmənin canlı yayımlanmasını istəyir

Həbsdə olan İstanbulun sabiq meri, müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü Əkrəm İmamoğlu özünə qarşı irəli sürülən korrupsiya ittihamlarını “biabırçılıq” adlandırıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, o, məhkəmə prosesinin Türkiyə televiziyasında canlı yayımlanmasını tələb edib.
İmamoğlu bildirib ki, aparılan istintaq qanunsuz və siyasi məqsəd daşıyır:
“Xalqımızdan gizlədəcəyimiz heç nə yoxdur. Onlar həbsdən 237 gün sonra məhkəmə sistemində misli görünməmiş böhtan, intriqa və təqiblərlə müşayiət olunan qanunsuz istintaq nəticəsində ittiham aktı hazırlamağa nail olublar. Bu ittiham aktı CHP-yə qarşı yönəlib. Məhkəmə prosesinin TRT və digər kanallarda yayımlanmasını təmin edin”.
Xatırladaq ki, İstanbul Şəhər Prokurorluğu İmamoğluna qarşı korrupsiya ilə bağlı araşdırmanı tamamlayıb və onun üçün 2352 ilə qədər həbs cəzası tələb edib. İttihamnamədə ümumilikdə 402 nəfərin adı yer alır. Sənəd noyabrın 11-də məhkəməyə təqdim edilib, lakin prosesin başlanma tarixi hələlik açıqlanmayıb.
İmamoğlu martın 19-da korrupsiya və terrorçularla əlaqədə ittiham olunaraq saxlanılıb, martın 23-də isə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun həbsi Türkiyədə genişmiqyaslı etirazlara səbəb olub, xüsusən İstanbul, Ankara və İzmir şəhərlərində kütləvi aksiyalar keçirilib.
CHP lideri Özgür Özəl daha əvvəl bəyan edib ki, müxalifət İmamoğlunun azadlığa buraxılması və prezidentliyə namizədliyini dəstəkləmək üçün 20 milyondan çox imza toplayıb.
Fidan Hacızadə
Sfera.az






