“İnsan hüquqlarının təminatı üçün əlavə vəsaitə ehtiyac var” – Ombudsman

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında çıxış edib.
Ombudsman çıxışında dövlətin həyata keçirdiyi sosial və hüquqi islahatların insan hüquqlarının qorunması baxımından əhəmiyyətini vurğulayıb, eyni zamanda bir sıra sahələrdə əlavə maliyyə dəstəyinə ehtiyac olduğunu bildirib.
Sfera.az xəbər verir ki, Müvəkkil çıxışına Vətən müharibəsində qazanılan qələbənin 5-ci və Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü münasibətilə millət vəkillərini təbrik etməklə başlayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasət nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub, Böyük Qayıdış proqramı çərçivəsində məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir.
Ombudsman bildirib ki, insan hüquqlarının qorunması sahəsində dövlət orqanlarının fəaliyyətinin və qanunvericiliyin davamlı təkmilləşdirilməsi zəruridir. Müraciətlərin araşdırılması zamanı müəyyən edilən bir sıra problemlərin həlli üçün gələn ilin dövlət büdcəsində müvafiq maliyyə vəsaitinin ayrılması vacib hesab olunur.

Müvəkkil büdcə müzakirəsində bir sıra konkret təkliflər irəli sürüb:
Şəkərli diabet xəstələrinin insulin və digər dərman vasitələri ilə təminatının gücləndirilməsi;
İctimai nəqliyyatda təqaüdçülərə, əlilliyi olan şəxslərə, şagird və tələbələrə güzəştlərin tətbiqi;
Şagirdlərə dərsliklərlə yanaşı köməkçi vəsaitlərin də dövlət hesabına verilməsi;
Orta məktəblərdə psixoloq ştatlarının artırılması;
Kənd yerlərində tibb kadrlarının həvəsləndirilməsi tədbirlərinin sosial-iqtisadi şəraitə uyğun yenilənməsi;
Tərcüməçilərə, ekspertlərə və mütəxəssislərə ödənilən məbləğlərin artırılması (hazırda saatlıq 35 qəpikdir);
Məhkəmə qərarlarının icrası ilə bağlı borclu dövlət orqanları üçün büdcədən maliyyə vəsaiti ayrılması;
Hərbi qulluqçulara ərzaq üçün verilən kompensasiyanın minimum istehlak səbətinə uyğunlaşdırılması;
Müddətli hərbi qulluqçuların uşaqlarına ödənilən müavinətin yaşayış minimumuna uyğunlaşdırılması.
Ombudsman, həmçinin, qurumun səlahiyyətlərinin genişləndirildiyini xatırladaraq bildirib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları və Uşaq hüquqları haqqında Konvensiyaların monitorinqi, eləcə də ayrı-seçkiliyə qarşı mübarizə funksiyalarının səmərəli icrası üçün Ombudsman Aparatının kadr və texniki bazasının gücləndirilməsi vacibdir.
Çıxışın sonunda Müvəkkil ümid etdiyini bildirib ki, təqdim edilən təkliflər ölkənin maliyyə imkanları və prioritetləri nəzərə alınmaqla mərhələli şəkildə reallaşacaq və insan hüquqlarının daha səmərəli təmin olunmasına xidmət edəcək.
Bəsti Rəfizadə
Sfera.az






