Gürcüstan ABŞ münasibətləri normallaşmır: "Yenidən nəzərdən keçirmək istəyirik"

Gürcüstan ABŞ münasibətləri normallaşmır: "Yenidən nəzərdən keçirmək istəyirik"
Kateqoriya məlum deyil
T

Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətləri açıq şəkildə yenidən nəzərdən keçirməyə hazırdır. 


Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze məlumat verib.


“Gürcüstan hakimiyyəti ABŞ ilə münasibətlərə açıq şəkildə yenidən baxmağa hazırdır. Əvvəlki administrasiya dövründə biz təhdidlər eşitmişik, bu isə qəbuledilməzdir. Biz müstəqil ölkəyik. Əcdadlarımız bu müstəqillik uğrunda mübarizə aparıblar ki, heç kimdən asılı olmayaq”, – deyə Kaladze bildirib.

 

O, həmçinin qeyd edib ki, Gürcüstanın hakim partiyasının mövqeyi ABŞ Prezidenti Donald Trampın administrasiyasının siyasəti ilə bir çox məsələlərdə üst-üstə düşür. Xüsusilə bu, xaricdən müəyyən qüvvələrin maliyyələşdirilməsi ilə bağlı məsələlərə aiddir.


“Bir neçə ay əvvəl, Tramp prezident olmamışdan öncə biz demişdik ki, xaricdən vəsaitlər gəlir, bu pullarla ekstremist təşkilatlar maliyyələşdirilir və onlar daxili siyasi fəaliyyətə, inqilabi hərəkətlərə yönəldilir. Rəqiblərimiz isə bizi yalan danışmaqda ittiham edirdilər. Sonradan ABŞ prezidenti açıq şəkildə bizim illərdir danışdığımız məsələlərdən bəhs etməyə başladı”, – deyə Kaladze vurğulayıb.


Qeyd edək ki, Gürcüstanla ABŞ arasında münasibətlər 2024-cü ildə “Xarici Agentlər Qanunu”nun qəbulundan sonra kəskin şəkildə pisləşib. Baş nazir İrakli Kobaxidze ötən il noyabrın 28-də Avropa İttifaqına üzvlük danışıqlarının dayandırıldığını açıqladıqdan sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dondurub. Trampın seçkilərdə qələbəsindən əvvəl isə Tbilisi Vaşinqtonla münasibətlərin yeni mərhələyə keçəcəyinə ümid etdiyini bir neçə dəfə bəyan etmişdi.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR