Ermənistan Parlament rəsmisi: "Bu, sülhdür"

“Rusiya buğdasının Azərbaycandan keçməklə Gürcüstana, oradan da Ermənistana gətirilməsi tarixi hadisə kimi qiymətləndirilir”.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim “Mülki müqavilə” partiyasının idarə heyətinin üzvü Ruben Rubinyan brifinqdə bildirib.
Rubinyanın sözlərinə görə, bu proses regionda sülhün göstəricisidir:
“Sülh odur ki, Rusiya buğdası Azərbaycandan keçməklə dəmir yolu ilə Ermənistana gətirilir. Bu, sülhdür. Bu, mübaliğəsiz, tarixi hadisədir. Sonuncu dəfə belə bir hadisə 1991-1992-ci illərdə baş verib”,- deyə o vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistan baş nazirinin müavini Mher Qriqoryan da Rusiya-Ermənistan istiqamətində taxıl daşıyan qatarın artıq Azərbaycandan keçdiyini təsdiqləmişdi.
Qeyd edək ki, oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, Azərbaycan Ermənistan istiqamətində yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
Fidan Hacızadə
Sfera.az






