Rusiya Polşaya hücuma hazırlaşır? - \"Belə davam edərsə, sistem çökəcək və...\"

Rusiya Polşaya hücuma hazırlaşır? - \
Polşa Rusiyanın ehtimal olunan hücumuna hazırlaşır.
 
Sfera.az bildirir ki, qapılarını ukraynalı qaçqınların üzünə açan ölkə Rusiyanın yeni hədəfi olmaqdan qorxur. Sözügedən ölkə həm də onun sərhədinə yaxın rayonların hücuma məruz qalmasından narahat olub. 

Birləşmiş Millətlər Təşkilatının son açıqlamasına görə, Polşaya qaçan ukraynalıların sayı 1 milyon 700 minə çatıb. Bəziləri buradan başqa ölkələrə miqrasiya etsə də, bir çox ukraynalı yaxın mədəni əlaqələr, dil oxşarlığı və ailə bağları səbəbindən Polşada qalmağı seçiblər. Polşanın paytaxtı Varşavanın əhalisi son iki həftədə 15 faiz artıb.

Digər tərəfdən, Rusiya həftə sonu Polşa sərhədindən cəmi 16 kilometr aralıda yerləşən Yavorivdəki Ukrayna bazasını bombalayıb. İllərdir Rusiyanın Avropadakı güc nisbətini öz xeyrinə dəyişməyə çalışacağı ilə bağlı Qərbə xəbərdarlıq edən Polşanın səsinə o qədər də qulaq asılmayıb. Belə ki, Polşanın baş naziri Mateusz Morawiecki ötən gün Ukrayna qoşunlarının Qərbin dəstəyinə ehtiyacı olduğunu bildirib. O bəyan edib ki, ukraynalı əsgərlər təkcə özləri üçün deyil, həm də Şərqi Avropadakı qonşularının azadlığı üçün mübarizə aparırlar. Polşanın baş naziri Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumunu öz geosiyasi ambisiyalarına hesablanmış addım kimi qiymətləndirib. Polşa hazırda NATO-nun şərq qanadının ən mühüm ölkələrindən biridir. O, Qərbi Ukrayna ilə birləşdirən zəncirin ən güclü halqasıdır. Qərbin Ukrayna ordusuna yardım üçün göndərdiyi silah karvanlarının çoxu Polşadan keçir. Moskva da ötən həftə bu karvanları Ukrayna daxilində "qanuni hərbi hədəflər" elan edib.

Bəs polşalılar Rusiyanın NATO üzvü olan ölkələrə hücum edəcəyinə inanırmı?

Bununla bağlı Varşava meri Rafal Trzaskovski deyib ki, onun ölkəsi panikada deyil, lakin insanlar xüsusilə Polşa sərhədinə çox yaxın olan bazanın bombalanmasından və NATO-da Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyi deyiləndən sonra insanlar suallar verməyə başlayıblar.
 
Trzaskovski vurğulayıb ki, qaçqın böhranı ilə bağlı təcili nəsə etmək lazımdır:

"Polşada qaçqınların sayı artmağa davam edərsə, sistem çökəcək. Bununla bağlı Avropa Birliyi və BMT-dən kömək istəyirik”. 

Mer, həmçinin Böyük Britaniyadan "bürokratiyadan əl çəkməsini” və ukraynalı qaçqınların ölkəyə daxil olmasını asanlaşdırmasını istəyib. Məlumata görə, Rusiyanın hücumlarından qurtulub Polşaya qaçan ukraynalılar indi bu ölkədə güllələnməkdən qorxurlar.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR