100 minlərlə qadın niyə ana olmaq hüququndan məhrum edilmişdi? - Tarixin TÜKÜRPƏDƏN QƏRARI
XX əsrdə ABŞ-nin nəzarətində olan Puerto-Rikoda onilliklər ərzində həyata keçirilən sterilizasiya siyasəti tarixdə qadın hüquqlarının ən ciddi pozuntularından biri kimi qiymətləndirilir.
Əhali artımına nəzarət və iqtisadi inkişaf adı altında aparılan bu proses nəticəsində adada yüz minlərlə qadın cərrahi yolla ana olmaq imkanından məhrum edilib.
Sfera.az xəbər verir ki, Puerto-Rikoda qadınların sterilizasiyasına hüquqi zəmin 1937-ci ildə qəbul edilən 116 saylı qanunla yaradılıb. Həmin dövrdə ada ABŞ-nin nəzarəti altında idi və yoxsulluq, əhali artımı, işsizlik kimi problemlərin həlli üçün doğum səviyyəsinin azaldılması təşviq olunurdu. Bu siyasətin arxasında yalnız ailə planlaşdırılması deyil, ABŞ-də geniş yayılmış yevgenika ideologiyası da dayanırdı. Həmin yanaşmaya görə, cəmiyyətin sosial və iqtisadi problemlərinin həlli üçün müəyyən əhali qruplarının çoxalmasının qarşısı alınmalı idi.
Qadınların üçdə birindən çoxu sterilizasiya edildi…
Araşdırmalar göstərir ki, sterilizasiya əməliyyatlarının miqyası illər keçdikcə daha da genişlənib. 1965-ci ildə 20-49 yaşlı, əvvəllər nikahda olmuş qadınların təxminən 31,9 faizi sterilizasiya edilib. 1968-ci ildə isə 15-49 yaşlı qadınlar arasında bu göstərici 35,5 faizə çatıb. 1982-ci ildə aparılan araşdırmada isə 15-49 yaşlı qadınların 42,6 faizinin sterilizasiya edildiyi müəyyənləşdirilib. Prosesin ən mübahisəli tərəflərindən biri qadınların əməliyyatın nəticələri barədə lazımi qaydada məlumatlandırılmaması idi. Bəzi qadınlar sterilizasiyanın geri dönməz olduğunu bilmədən qərar verir, digərləri isə yoxsulluq və sosial təzyiqlər səbəbindən bu addımı atmağa məcbur qalıb. Tarixi mənbələrdə bəzi xəstəxanalarda çoxuşaqlı qadınların sterilizasiyaya razılıq vermədən doğuş üçün qəbul edilməməsi ilə bağlı praktikalardan da bəhs olunub. Qadınlar fabriklərdə ucuz işçi qüvvəsinə çevrilirdi Puerto-Rikoda sterilizasiya siyasətinin iqtisadi tərəfi də diqqət çəkib. 1940-cı illərin sonlarından etibarən ABŞ adada “Operation Bootstrap” adlı sənayeləşmə proqramını həyata keçirməyə başlayıb. Proqram çərçivəsində fabriklər yaradılır, xüsusilə tekstil və tikiş sənayesində qadın əməyindən geniş istifadə olunub. Beləliklə, qadınlar bir tərəfdən əmək bazarına cəlb edilir, digər tərəfdən isə onların reproduktiv seçimləri məhdudlaşdırılıb. Bununla belə, sterilizasiya proqramının sırf fabriklərə ucuz işçi qüvvəsi təmin etmək məqsədilə başladıldığını demək üçün yetərli tarixi sübut yoxdur. Maraqlıdır ki, sterilizasiyaya hüquqi zəmin yaradan 116 saylı qanun 1960-cı ildə ləğv edilsə də, əməliyyatlar dayanmadı.
Sonrakı illərdə də ailə planlaşdırılması adı altında qadınların sterilizasiyası davam etdirildi. Bu prosesin miqyasını və qadınların yaşadıqlarını üzə çıxaran ən mühüm işlərdən biri isə 1982-ci ildə çəkilən “La Operación” (“Əməliyyat”) adlı sənədli film olub. Rejissor Ana Mariya Garciya tərəfindən hazırlanan film Puerto-Rikoda sterilizasiya siyasətinin tarixini, qadınların şəxsi hekayələrini və bu əməliyyatların onların həyatına təsirini əks etdirib.
Ekran əsəri mövzunun beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına da töhfə verib. Puerto-Rikoda baş verənlər bu gün də qadınların reproduktiv hüquqları, dövlətlərin əhali siyasəti və tibbi müdaxilələr zamanı məlumatlandırılmış razılığın əhəmiyyəti baxımından araşdırılır. Hadisənin ən ağrılı tərəflərindən biri isə odur ki, genişmiqyaslı sterilizasiya siyasətinə və qadınların üzləşdiyi hüquq pozuntularına görə məsuliyyət daşıyan şəxslərin mühakimə olunması və zərərçəkənlərə sistemli kompensasiya ödənilməsi ilə bağlı təsdiqlənmiş genişmiqyaslı mexanizm mövcud olmayıb. Beləliklə, onilliklər ərzində minlərlə qadının şəxsi həyatı və gələcəyi üzərində qərar vermək hüququ əlindən alınıb. Puerto-Riko tarixinin bu səhifəsi isə dövlət siyasətinin insan hüquqlarını necə ağır şəkildə poza biləcəyinin nümunələrindən biri olaraq qalır.
Bəsti Rəfizadə
Sfera.az






