Narsistik xüsusiyyətləri güclü olan insanlar başqalarının hisslərini fərqli qavrayırlar - ARAŞDIRMA
Narsistik xüsusiyyətləri daha qabarıq olan insanlar ətrafdakıların alçaldılma və ya narahatlıq yaşadığı vəziyyətləri fərqli qavrayırlar.
Sfera.az bildirir ki, Finlandiyanın Aalto Universitetinin tədqiqatçıları bu qənaətə funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) vasitəsilə iştirakçıların beyin fəaliyyətini araşdırdıqdan sonra gəliblər.
Tədqiqatın nəticələri "Cerebral Cortex" elmi jurnalında dərc olunacaq.
Alimlər müəyyən ediblər ki, narsistik xüsusiyyətləri güclü olan insanların beyin fəaliyyəti adətən ümumi utanc hissi yaradan vəziyyətlərdə digər iştirakçıların beyin fəaliyyəti ilə daha az üst-üstə düşür. Eyni zamanda, narsistik xüsusiyyətləri daha zəif olan insanlarda empatiya ilə əlaqəli beyin sahələrinin fəaliyyətində daha çox oxşarlıq müşahidə edilib. Fərqlər əsasən sosial vəziyyətlərin şərhi və koqnitiv empatiya – başqalarının hiss və düşüncələrini anlamaq qabiliyyəti ilə əlaqəli sahələrdə özünü göstərib.
Aalto Universitetinin doktorantı Mattias Piispanen bildirib ki, narsistik xüsusiyyətləri daha qabarıq olan insanlar başqalarının həssas vəziyyətlərinə fərqli reaksiya verirlər. Onlar qarşılıqlı ünsiyyət zamanı başqa məqamlara diqqət yetirə və baş verənləri fərqli şəkildə şərh edə bilərlər.
Tədqiqatın ilk mərhələsində təxminən min nəfər arasında onlayn sorğu keçirilib. Bu sorğu iştirakçıların narsistik xüsusiyyətlərinin səviyyəsini qiymətləndirməyə imkan verib. Daha sonra yüksək göstəricilərə malik şəxslər beyin müayinəsinə dəvət olunub, müqayisə üçün isə aşağı göstəriciləri olan nəzarət qrupu yaradılıb. Yekun təhlilə 58 nəfər daxil edilib.
Təcrübə zamanı iştirakçılar peşəkar aktyorun yeniyetməlik və yetkinlik dövrlərində yaşadığı hadisələrdən danışdığı videolara baxıblar. Bəzi videolarda aktyor dost qrupundan kənarda qalmasından, digərlərində isə insanların ona heyranlıq göstərməsindən bəhs edib.
Daha sonra başqa bir şəxs aktyorun sosial mövqeyini şübhə altına alan qiymətləndirmə verib. Məsələn, onun heyranlığa layiq olmadığını və ya rədd edilməsində özünün günahkar olduğunu bildirib.
Tədqiqatçılar bu cür vəziyyətlərdə iştirakçıların beyin reaksiyalarının nə dərəcədə oxşar olduğunu araşdırıblar.
Təcrübənin nəzəri əsasını sosioloq İrvinq Qofmanın 1950-ci illərdə irəli sürdüyü konsepsiya təşkil edib. Qofman insanların cəmiyyətdə özləri haqqında müəyyən təsəvvürü qorumağa və onu təhlükələrdən müdafiə etməyə çalışdıqlarını təsvir edib. Bu təsəvvür təhlükə altına düşəndə narahatlıq və gərginlik yalnız hadisənin birbaşa iştirakçılarında deyil, müşahidəçilərdə də yarana bilər.
Adətən insanlar bir-birinin sosial nüfuzunu qorumağa çalışırlar. Lakin yeni tədqiqatın nəticələri göstərir ki, bu proseslə əlaqəli beyin reaksiyaları narsistik xüsusiyyətlərin nə dərəcədə ifadə olunmasından asılı olaraq fərqlənə bilər.
Piispanenin fikrincə, narsistik xüsusiyyətləri daha qabarıq olan insanlar bəzən səmimi və dəstəkləyici münasibətlər qurmaqda çətinlik çəkirlər. Bununla belə, tədqiqatın nəticələri belə xüsusiyyətlərə malik bütün insanların empatiya qabiliyyətindən məhrum olduğu anlamına gəlmir. Araşdırma yalnız tədqiq edilən qrupun reaksiyalarını əhatə edir və nəticələri hər bir insana şamil etmək olmaz.
Fatimə
Sfera.az






