Məşhur aparıcının illik gəliri heyrətləndirdi
Məşhur amerikalı aparıcı və biznes qadını Marta Stüartın gəliri hamını heyrətləndirib. Stüart 10 yaşından əmək fəaliyyətinə başlayıb və illər ərzində böyük media və həyat tərzi imperatorluğu qurub.
Sfera.az xəbər verir ki, 85 yaşlı Marta Stüart CEO Devid Rojiye ilə söhbətində karyerasının ilk böyük qazancını əldə etdiyi dövr və biznes fəaliyyətindən danışıb.
Stüart bildirib ki, 1980-ci illərdə “Kmart” şirkəti ilə imzaladığı müqavilə onun üçün böyük gəlir mənbəyinə çevrilib. Məşhur biznes qadını bir müddət yalnız bu brenddən aldığı qonorar hesabına ildə 65 milyon dollar qazandığını açıqlayıb.
O, müqavilənin şərtlərindən danışarkən bildirib ki, dizayn etdiyi hər məhsulun satışından yüksək qonorar əldə edib. Reklam xərclərini isə şirkət qarşılayıb. Stüartın sözlərinə görə, yalnız ilk il üçün reklam büdcəsi 20 milyon dollar təşkil edib.
Öz adını daşıyan jurnalın nəşrindən 5 milyon dollardan çox qazandığını bildirən Stüart ilk yemək kitabı üçün 100 min dollar avans aldığını deyib.
O deyib ki, zaman keçdikcə tanınmışlığı və bazardakı dəyəri artıb. Buna görə də sonrakı kitab müqavilələrindən altı rəqəmli məbləğlərdən xeyli yüksək gəlir əldə edib.
Marta Stüart karyerasının ən çətin dövründən də danışıb. O, 2000-ci illərin əvvəllərində insayder ticarəti qalmaqalı səbəbindən məhkum edilib.
Stüarta beş ay həbs, beş ay ev dustaqlığı və iki il nəzarət altında olma cəzası verilib. Həmin dövrdə onun təxminən 1 milyard dollar sərvət itirdiyi bildirilib.
Bütün bu çətinliklərə baxmayaraq, Stüart sonradan biznes fəaliyyətini yenidən quraraq media və həyat tərzi sahəsindəki imperatorluğunu bərpa edib.
İradə Elsevər






