“Google” və “Telegram” cərimələndi

“Google” və “Telegram” cərimələndi
Kateqoriya məlum deyil
T

Rusiyada “Google” və “Telegram” şirkətləri qanunvericiliyə zidd hesab edilən məzmunu silmədiklərinə görə cərimələnib.


Sfera.az xəbər verir ki, Moskvanın Taqanski Rayon Məhkəməsi “Google LLC” şirkətini Rusiyada qadağan olunmuş məlumatları silməməkdə təqsirli bilib və şirkətə 3,8 milyon rubl məbləğində inzibati cərimə tətbiq edib.


Şirkət Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib. Bu maddə internet saytının və ya informasiya resursunun sahibi tərəfindən qanunvericiliyə əsasən silinməsi tələb olunan məlumatların silinməməsinə görə məsuliyyət nəzərdə tutur.


Rusiya məhkəmələri daha əvvəl də “Google”u şirkətin xidmətlərindən qadağan olunmuş məzmunun silinməməsi, Rusiyadan olan istifadəçilərin fərdi məlumatlarının lokallaşdırılması tələbinə əməl edilməməsi və digər pozuntulara görə dəfələrlə cərimələyib. 2021-ci ilin sonundan etibarən şirkət iki dəfə dövriyyə əsaslı cəriməyə məruz qalıb. Bu cərimələrin ümumi məbləği 29 milyard rubldan çox olub. Məhkəmə qərarları üzrə yaranan borcun bir hissəsi Federal Məhkəmə İcraçıları Xidməti tərəfindən tutulub. İcra icraatları məlumat bazasına əsasən, “Google LLC”nin 20 milyard rubldan çox borcu qalır.


Bundan başqa, Taqanski Rayon Məhkəməsi “Telegram”ı da Rusiyada qadağan olunmuş məlumatları silməməkdə təqsirli bilib. Messencerə 3,4 milyon rubl məbləğində inzibati cərimə tətbiq olunub. Məhkəmədə söhbətin Rusiya Silahlı Qüvvələri və Ukraynada keçirilən “xüsusi hərbi əməliyyat” barədə yanlış məlumatların yer aldığı materiallardan getdiyi bildirilib.


Qeyd edək ki, “Roskomnadzor” fevralın 10-da “Telegram”ın Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyini açıqlayıb. Bildirilib ki, messencerin Rusiyada fəaliyyətinə qoyulan məhdudiyyətlər davam etdiriləcək.

Firuzə Əliyeva
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR