Dünyanın ən qorxunc hotelləri: Burada gecələmək hər adamın işi deyil

Dünyanın ən qorxunc hotelləri: Burada gecələmək hər adamın işi deyil
Kateqoriya məlum deyil
T

Adi oteldə qalmaq sizə rahat otaq, gözəl mənzərə və xoş xatirələr qazandıra bilər.

Lakin dünyanın ən qorxunc hotellərindən birində gecələmək isə ömür boyu danışacağınız fərqli təcrübəyə çevrilə bilər.

Sfera.az xəbər verir ki, dünyanın müxtəlif ölkələrində yerləşən bəzi hotellər “haunted hotel”, yəni ruhlar və paranormal hadisələrlə əlaqələndirilən məkanlar kimi tanınır.

“Atlas Obscura” dünyanın belə 12 otelini təqdim edib. Siyahıdakı məkanların bəzilərində qonaqların qəribə səslər eşitdiyi, naməlum fiqurlar gördüyü, əşyaların öz-özünə hərəkət etdiyini müşahidə etdiyi iddia olunur. Maraqlıdır ki, bu hotellərin əksəriyyəti tarixi binalardır və onların keçmişi də sirli hekayələrin formalaşmasında mühüm rol oynayır.

ABŞ – “The Marshall House”

ABŞ-nin Corciya ştatının Savannah şəhərində yerləşən “The Marshall House” 1851-ci ildə fəaliyyətə başlayıb. Bina vaxtilə sarı qızdırma epidemiyası zamanı xəstəxana, daha sonra isə Vətəndaş müharibəsi dövründə hərbi xəstəxana kimi istifadə olunub. Hoteldə gecələr dəhlizlərdə uşaq səslərinin eşidildiyi, qəribə fiqurların göründüyü, qapı dəstəklərinin hərəkət etdiyi və kranların öz-özünə açıldığı barədə hekayələr yayılıb. Burada gecələməyin qiyməti təxminən 221 dollardan başlayır. Hteldə ruh turları da təşkil olunur.

ABŞ – “1886 Crescent Hotel”

Arkanzas ştatındakı “1886 Crescent Hotel & Spa” siyahının ən məşhur məkanlarından biridir. Hotellə bağlı qorxulu tarix onun tikintisi dövründən başlayır. Burada bir fəhlənin hündürlükdən yıxılaraq öldüyü, sonralar isə binanın Norman Baker adlı saxta həkimin xəstəxanasına çevrildiyi bildirilir. Oteldə həkim, tibb bacısı və xəstələrin ruhlarının dəhlizlərdə göründüyü barədə iddialar var. Xüsusilə 218-ci otaq ən qorxulu məkan hesab olunur.

Standart iki nəfərlik otağın qiyməti təxminən 170 dollardan başlayır. Hoteldə gündəlik ruh turları və gecə paranormal araşdırmalar da keçirilir.

Şotlandiya – “The Drovers Inn”

Şotlandiyanın Argyll və Bute bölgəsində yerləşən “The Drovers Inn” 300 ildən artıq tarixə malik kənd mehmanxanasıdır. Burada qar fırtınasında donaraq öldüyü deyilən bir ailənin ruhlarının, çayda boğulan balaca qızın və öldürülmüş maldarın ruhunun dolaşdığı iddia edilir. Hotelin gecəlik qiyməti səhər yeməyi daxil olmaqla təxminən 90 funt sterlinqdən, yəni 115 dollardan başlayır.

ABŞ – “Hotel Alex Johnson”

Cənubi Dakota ştatının Rapid City şəhərində yerləşən “Hotel Alex Johnson” 1927-ci ildə tikilib. Hotellə bağlı ən məşhur əfsanə “Ağ geyimli qadın” haqqındadır. İddiaya görə, qadın toy gecəsində otelin səkkizinci mərtəbəsində özünü pəncərədən ataraq ölüb və ruhu hələ də burada dolaşır. Qonaqlar onun pəncərələri və çekmecələri açdığını iddia edirlər. Hotelin standart otaqları təxminən 87 dollardan başlayır. Burada xüsusi “ghost adventure” paketi də var.

ABŞ – “The Lodge at Hot Lake Springs”

Oreqon ştatında yerləşən “The Lodge at Hot Lake Springs” əvvəllər müalicəvi isti su mənbələri ilə tanınan kurort olub. 1934-cü ildə yanğın binanın yarısını məhv edib. Sonrakı illərdə buradan tibb bacıları üçün məktəb, qocalar evi, restoran və psixiatrik müəssisə kimi istifadə olunub. Məkanda müxtəlif ruhların dolaşdığı, pəncərələrdə naməlum fiqurların göründüyü və gecələr qışqırıq səslərinin eşidildiyi barədə iddialar var. Gecəlik qiymət təxminən 100 dollardan başlayır.

Peru – “Gran Hotel Bolivar”

Perunun paytaxtı Limada yerləşən “Gran Hotel Bolivar” 1920-ci illərdən fəaliyyət göstərir. Vaxtilə burada siyasətçilər, Hollivud ulduzları və məşhur musiqiçilər qalıb. Hotellə bağlı ən çox danışılan hekayələrdən biri beşinci və altıncı mərtəbələrdə ruhların dolaşması ilə bağlıdır. Qonaqların kofe aparatları, radio və televizorların öz-özünə işə düşdüyünü bildirdiyi iddia edilir. Burada gecələmək təxminən 85 dollardan başlayır və səhər yeməyi qiymətə daxildir.

ABŞ – “St. James Hotel”

Nyu-Meksiko ştatında yerləşən “St. James Hotel” Vəhşi Qərb dövrünün məşhur simaları ilə bağlı tarixə malikdir.

Vaxtilə “Billy the Kid”, “Jesse James”, “Wyatt Earp” və “Buffalo Bill Cody” kimi şəxslərin burada qaldığı bildirilir. Hoteldə çoxsaylı cinayətlərin baş verdiyi barədə də tarixi hekayələr var. Xüsusilə 18-ci otaq qonaqlara verilmir. İddiaya görə, otağın keçmiş sahibi T.J. Wright burada öldürülüb və onun ruhunun hələ də hoteldə dolaşdığına inanılır. Otaqların qiyməti təxminən 115 dollardan başlayır.

İngiltərə – “The Mermaid Inn”

İngiltərənin Rye şəhərində yerləşən “The Mermaid Inn” 600 ildən çox tarixə malikdir. Hoteli xüsusi edən məqamlardan biri onun altında yerləşən və XII əsrə qədər gedib çıxan zirzəmilər və gizli tunellərdir. Bu tunellərin vaxtilə qaçaqmalçılar tərəfindən istifadə edildiyi bildirilir. 16-cı otaqda iki qılınc ustasının ruhunun daim döyüşdüyü, 17-ci otaqda isə qaçaqmalçı dəstəsinin rəhbərinin həyat yoldaşının ruhunun göründüyü iddia olunur.

Burada gecələmək təxminən 215 funt sterlinqdən, yəni 270 dollardan başlayır və səhər yeməyi qiymətə daxildir.

ABŞ – “Hotel del Coronado”

Kaliforniyada yerləşən “Hotel del Coronado” dəniz kənarında yerləşən lüks oteldir. Lakin onun ən məşhur hekayəsi Kate Morgan adlı qadınla bağlıdır. 1892-ci ildə 24 yaşlı qadın otelə gəlib, lakin bir neçə gün sonra meyiti xarici pilləkənlərdə tapılıb. Ölümünün intihar olduğu bildirilsə də, sonradan onun ruhunun hoteldə qaldığı barədə çoxsaylı əfsanələr yayılıb. Qonaqlar qəfil soyuq hava, addım səsləri və öz-özünə işə düşən elektron cihazlardan bəhs edirlər. Standart otaqların qiyməti təxminən 350 dollardan başlayır.

ABŞ – “Clown Motel”

Nevada ştatının Tonopah şəhərində yerləşən “Clown Motel” siyahının ən qeyri-adi məkanıdır. Hotel minlərlə kloun fiquru ilə bəzədilib və köhnə qəbiristanlığın düz yanında yerləşir. Burada paranormal araşdırmalar da təşkil olunur. Gecəlik qiymət təxminən 85 dollardan başlayır.

ABŞ – “The Mizpah Hotel”

Yenə Nevada ştatının Tonopah şəhərində yerləşən “The Mizpah Hotel” Vəhşi Qərb tarixi ilə əlaqələndirilir.

Hoteldə “Qırmızı geyimli qadın” adlı ruhun dolaşdığı barədə əfsanə var. Onun xüsusilə 502-ci otağın yaxınlığında göründüyü iddia edilir. Oteldə ruh turları və qəbiristanlığa xüsusi gəzintilər təşkil olunur. Gecəlik qiymət təxminən 135 dollardan başlayır.

ABŞ – “The Stanley Hotel”

Kolorado ştatının Estes Park şəhərində yerləşən “The Stanley Hotel” dünyanın ən məşhur qorxunc hotellərindən biridir. Bunun əsas səbəbi isə məşhur yazıçı Stiven Kinq ilə bağlıdır. Kinq 1974-cü ildə burada, xüsusilə 217-ci otaqda qaldıqdan sonra “The Shining” əsərinin ideyasını formalaşdırıb. Hoteldə uşaqların qaçış səslərinin eşidildiyi, şkaf qapılarının öz-özünə açıldığı və bəzi otaqlarda naməlum fiqurların göründüyü barədə iddialar var.

Standart otaqların qiyməti təxminən 239 dollardan, xüsusi qorxulu otaqlar isə 359 dollardan başlayır. Hoteldə ilboyu müxtəlif ruh turları keçirilir.

Qeyd edək ki, bütün bu hadisələr iddia və əfsanələrə əsaslanır və paranormal hadisələrin elmi şəkildə təsdiqləndiyi anlamına gəlmir. Bununla belə, həmin hekayələr tarixi otellərə turist marağını artırır.

“Atlas Obscura”nın məlumatına görə, göstərilən qiymətlər 2026-cı ilin sentyabrında yoxlanılan standart iki nəfərlik otaqlar üçün təxmini başlanğıc qiymətləridir. Mövsümə görə tariflər dəyişir və oktyabr ayında qiymətlərin daha yüksək olması gözlənilir.

Fatimə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR