84 yaşlı qadın 2 ildir sağ olduğunu sübut edə bilmir

84 yaşlı qadın 2 ildir sağ olduğunu sübut edə bilmir
Kateqoriya məlum deyil
T

ABŞ-də səhvən öldüyü elan edilən 84 yaşlı Prisilla Slek iki ildən artıqdır dövlət orqanlarına sağ olduğunu sübut edə bilmir.

Sfera.az xəbər verir ki, bu barədə “Daily Mirror” nəşri məlumat yayıb.

Anlaşılmazlıq iki il əvvəl Slekin ərinin vəfat etməsindən sonra başlayıb. Məlumat bazalarında Prisilla nədənsə həyat yoldaşı ilə eyni vaxtda vəfat etmiş kimi qeyd olunub. Əvvəlcə o, buna yumorla yanaşıb və səhvin tezliklə düzəldiləcəyini düşünüb. Lakin problemlər elə bundan sonra başlayıb.

Belə ki, əvvəlcə qadının bank hesabı bloklanıb, sonra kredit kartı ləğv edilib, seçkilərdə səs verməyə getdikdə isə məlum olub ki, o, ölmüş hesab edildiyi üçün seçici kimi səs verə bilməz.

Slek iddia edir ki, səhv ABŞ-nin Sosial Təminat İdarəsində baş verib. Qadına səhvin düzəldildiyi deyilsə də, digər qurumlar onu ölmüş kimi qəbul etməkdə davam edir. Qadının problemləri isə bitmək bilmir. Bu yaxınlarda o, Vergi Xidmətindən məktub alıb. Məktubda Prisillanın vəfat etmiş şəxsə məxsus sosial sığorta nömrəsi ilə bəyannamə verdiyi qeyd olunub.

Qadın isə ölmədiyini və həmin nömrənin onun özünə məxsus olduğunu sübut etməli olub. Prisilla Slek dövlət qurumları arasında get-gəldən və özünün sağ olduğunu sübut etməyə çalışmaqdan yorulduğunu bildirib.

ABŞ-nin Vergi Xidməti isə məsələnin həll edilməsi üçün xüsusi şöbəyə verildiyini açıqlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR