Məşhur jurnalist bu ölkədə kral seçildi

Uqandanın Toro krallığında ötən ay 34 yaşında vəfat edən və körpə ikən taxta çıxması səbəbindən vaxtilə “uşaq kral” adlandırılan monarxın yerinə jurnalist gözlənilmədən yeni kral seçilib.
Sfera.az xəbər verir ki, Toro üzrə seçim komitəsi aparılan axtarışdan sonra çərşənbə günü Edvard Rukidi Kidjanangomeni vəliəhd elan edib. Vəfat edən kralın əmisi oğlu olan Kidjanangome dövlət yayımçısı “Uganda Broadcasting Corporation”də xəbər aparıcısı və redaktor kimi çalışır.
Onun bu həftə Rukirabazaya Oyo Nyimba Kabamba İquru Rukidi IV-ün varisi kimi taclandırılacağı gözlənilir. Kral Oyo şənbə günü Konqo sərhədi yaxınlığındakı ucqar şəhərdə dəfn ediləcək. Mərasimdə on minlərlə insanın iştirak edəcəyi gözlənilir. Kral Oyo xərçəng xəstəliyindən vəfat etdiyi zaman subay idi. Onun ölüm xəbəri körpəlikdən böyüməsini və qədim krallığın sevimli liderinə çevrilməsini izləyən çoxsaylı insanları kədərləndirib.
Toro Uqanda hökuməti tərəfindən tanınan beş ənənəvi krallıqdan biridir. Bununla belə, bu krallıqların formal suverenliyi yoxdur.
Uqanda Prezidenti Yoveri Museveni Oyonun nikahdankənar doğulmuş azyaşlı varis qoyduğunu bildirmişdi. Lakin Toro komitəsi yeni kralı seçərkən bu faktoru nəzərə almayıb və Kidjanangomenin namizədliyini dəstəkləyib.
Sadə həyat tərzi ilə tanınan yayımçı Kidjanangomenin seçilməsi ənənəvi dəyərlərə sadiq olan, eyni zamanda taxtda yenidən uşağın olmasına qarşı çıxan qrupların mövqeyini nəzərə almaq məqsədi daşıya bilər.
Lakin bu qərar mübahisələrə səbəb ola və Oyonun tərəfdarlarının özlərini kənarda hiss etməsi halında hüquqi mübahisə ilə nəticələnə bilər.
Qərar kralın ən yaxın qohumu tərəfindən dərhal rədd edilib. Oyonun bacısı Rut Komuntale yerli “NBS” telekanalına açıqlamasında “Biz sadəcə çox məyusuq. Açığı, mənə görə bu, çox dramatikdir, bölünmə və qarışıqlıq yaratmağa cəhddir” deyib. O, Oyonun yazılı vəsiyyətində taxtının varisini qoyduğunun “aydın şəkildə” qeyd edildiyini bildirib.
Oyo atasının ölümündən sonra 1995-ci ildə üç yaşında taclandırılıb. Rəngarəng geyimlərdə görünən maraqlı uşaq yüz minlərlə təbəəsinin böyük sevgisini qazanmışdı.
Tacqoyma mərasimində o, bir sıra qəbilə ayinlərində iştirak edib və yetkinliyə keçid mərasimini yerinə yetirmək üçün kral məzarlığına aparılıb. Burada o, atasının məzarına doqquz qəhvə dənəsini uğurla atmalı idi.
Oyo taxta çıxan kimi dünyanın ən gənc kralı kimi qeyri-rəsmi titul qazanıb. O, hətta milli tədbirlərdə onunla tanış olan dünya liderləri üçün də diqqətçəkən fiqura çevrilmişdi. Onun hakimiyyəti 18 yaşına çatana qədər krallıq tərəfindən təyin edilmiş regentlər tərəfindən idarə olunurdu.
Liviya lideri Müəmmər Qəddafi Toro kral ailəsi ilə sanki onları öz geniş ailəsinin üzvləri kimi yaxın münasibət qurmuşdu. Qəddafi Uqandaya dəfələrlə səfər edib və 2011-ci ilin oktyabrında ölümünə qədər uzun illər Oyo və kraliça ananı dəstəkləyib.
Uqandanın ənənəvi krallıqları ölkənin Britaniya müstəmləkəçiliyindən müstəqillik əldə etməsindən sonra ölkəni birləşdirmək istədiyini bildirən respublikaçı prezident tərəfindən ləğv edilmişdi. Onlar 1993-cü ildə bərpa olunub.
Ənənəvi krallıqların siyasi hakimiyyəti olmasa da və qanunvericiliklə partiya siyasətində iştirak etməsinə icazə verilməsə də, monarxlar qəbilə mədəniyyətinin qoruyucuları kimi nüfuza malikdirlər.






