Ağac üçün milyonlar xəcləyirlər

Ağac üçün milyonlar xəcləyirlər
Kateqoriya məlum deyil
T

Dünyanın ən varlı insanları arasında yeni dəbdəbə trendi yaranıb.

Milyarderlər tinglərin böyüməsini onilliklərlə gözləmək əvəzinə, artıq yaşı bir neçə onilliyi keçən nəhəng ağacları milyonlarla dollar ödəyərək öz mülklərinə köçürürlər.

Sfera.az “The New York Times”a istinadən xəbər verir ki, lüks landşaft dizaynı sektorunda palıd, palma, maqnoliya, baobab və banyan kimi iri və nadir ağacların satışı sürətlə artır. Məsələn, Florida ştatının Palm Beach şəhərində bir müştərinin mülkünə iki banyan ağacının köçürülməsi üçün ümumilikdə 500 min dollar xərcləndiyi bildirilir.

Nadir Afrika baobablarının qiyməti də yüz minlərlə dollara çata bilir. ABŞ-də milyarderlər arasında bağ və yaşıllıq sahələrinin dəbdəbəsi uğrunda rəqabət də diqqət çəkir. “Blackstone” şirkətinin rəhbəri Stiven Şvartsmanın Rhode Island ştatının Nyuport şəhərindəki mülkü üçün 100-dən çox yetkin Amerika müqəddəs ağacından ibarət, hər biri təxminən 6 metr hündürlüyündə olan çəpərə 1 milyon dollar xərclədiyi qeyd olunur.

Texnologiyanın inkişafı isə daha böyük ağacların daşınmasına imkan verir. Belə ki, çəkisi bir tona çatan maqnoliya ağaclarının belə Nyu-Yorka çatdırılaraq varlı şəxslərin evlərinin terraslarında əkilməsi mümkündür. Əslində, iri ağacların köçürülməsi yeni üsul deyil. Hələ XVIII əsrdə britaniyalı landşaft memarı Lancelot “Capability” Braun aristokratların malikanələrində ağacların böyüməsini 30 il gözləməmələri üçün yetkin ağacların köçürülməsindən istifadə edirdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində isə ABŞ-də varlı sənayeçilər arasında bu tendensiya yenidən populyarlaşıb. Hazırda xüsusi şirkətlər nəhəng ağacların daşınması üçün hidravlik avadanlıqlardan, iri qazma sistemlərindən və xüsusi kök qablaşdırma texnologiyalarından istifadə edirlər.

Bəzi hallarda yüzlərlə ton ağırlığında ağacların daşınması üçün yolların bağlanması, xüsusi icazələrin alınması və hətta telefon xətlərinin müvəqqəti sökülməsi tələb olunur. Beləliklə, ultra varlılar üçün böyük və nadir ağaclar artıq sadəcə landşaft elementi deyil, sərvət və status nümayişinin yeni vasitəsinə çevrilir. Milyonlarla dollarlıq yaxta, sənət əsəri və malikanələrlə yanaşı, nəhəng ağaclar da zənginlər arasındakı prestij yarışının bir hissəsinə çevrilib.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR