Bu dəfə robotlar “etiraz aksiyası keçirdi” - Video

Polşanın paytaxtı Varşavada Rəqəmsal Texnologiyalar Nazirliyinin binası qarşısında qeyri-adi etiraz aksiyası təşkil edilib.
Sfera.az xəbər verir ki, həmin aksiyada insanlar deyil, humanoid və dördayaqlı robotlar və bir neçə növ xidmət robotları iştirak edib.
“Demokratizm” təşəbbüsü tərəfindən təşkil edilən aksiya zamanı robotlar əllərində bayraqla “İş yerlərini qoruyaq” və “Tənzimləmə üçün vaxt yetişdi” kimi şüarlar səsləndiriblər.
Təşkilatçılar həmin robotlardan süni intellekt, robot və iş yerləri barədə məsələlərə diqqət çəkmək üçün istifadə ediblər.
Tədbirin təşkilatçısı Ceqoj Kulisin sözlərinə görə, insanabənzər robotların yaradılması əl əməyi tələb edən iş yerlərinə təsir edə bilər. O, həmçinin süni intellekt sistemlərinin məlumatların emal olunması, ofis işləri və xidmət sahəsində üzərlərinə daha çox tapşırıq götürdüyünə diqqət çəkib.
Polşanın rəqəmsal inkişaf naziri Kşiştof Qavkovski tədbirin təşkilatçıları ilə görüşərək bildirib ki, süni intellekt modelləri, xüsusən də humanoid robotlar və avtomatlaşdırma ilə birlikdə nəzarətsiz şəkildə inkişaf etdiriləcəyi təqdirdə cəmiyyət və əmək bazarı üçün çoxsaylı problemlər yarada bilər.






