Paltaryuyan tozunuz bitib? — Paltarları yumağın 4 alternativ yolu

Paltaryuyan tozunuz qəfil bitibsə, mağazaya getmədən də paltarları təmizləmək mümkündür. Xüsusilə az miqdarda çamaşır üçün bəzi məişət vasitələri alternativ kimi istifadə edilə bilər.
Sfera.az "Martha Stewart"a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, boraks, kalsiumlaşdırılmış soda, qida sodası və ağ sirkə müəyyən hallarda yuyucu vasitəni əvəz edə bilər. Lakin bu məhsullardan istifadə edərkən parçanın xüsusiyyətlərini nəzərə almaq vacibdir.
Boraks
Boraks pambıq parçalar, uşaq geyimləri və təmizlik üçün istifadə olunan parçalar üçün uyğun seçim sayılır. Onun qələvi xüsusiyyəti qan, tər, giləmeyvə, kif və göbələk kimi çətin ləkələrin təmizlənməsinə kömək edə bilər.
Paltaryuyan maşında istifadə etmək üçün təxminən yarım stəkan boraksı ilıq suda tam həll etmək və məhlulu barabana əlavə etmək olar. Daha sonra adi yuma rejimi seçilir və əlavə durulama aparılması tövsiyə olunur.
Əl ilə yuma zamanı isə ilıq suya 1-2 xörək qaşığı boraks əlavə etmək, tam həll etdikdən sonra paltarları yumaq və yaxşıca yaxalamaq lazımdır.
Kalsiumlaşdırılmış soda
Kalsiumlaşdırılmış soda qalın parçalar, dəsmallar, pambıq geyimlər və yağlı ləkələri olan iş paltarları üçün daha münasibdir. Güclü təsirinə görə yun və ipək kimi həssas parçalarda istifadə edilməməlidir.
Paltaryuyan maşında təxminən yarım stəkan kalsiumlaşdırılmış soda ilıq suda həll edilərək barabana əlavə edilə bilər. Paltarın etiketində icazə verilirsə, ilıq və ya isti suda yumaq məsləhətdir.
Ləkə üçün isə iki xörək qaşığı sodanı eyni miqdarda su ilə qarışdıraraq pasta hazırlamaq, ləkənin üzərinə çəkmək və 10-15 dəqiqə saxladıqdan sonra paltarı yumaq olar.
Qida sodası və ağ sirkə
Qida sodası əsasən xoşagəlməz qoxuların aradan qaldırılması və yüngül çirklərin təmizlənməsi üçün istifadə edilə bilər. Uşaq geyimləri və yataq dəstləri üçün də alternativ vasitə hesab olunur.
Paltaryuyan maşında yarım stəkan qida sodasını birbaşa barabana əlavə etmək, yarım stəkan ağ sirkəni isə yuyucu vasitə bölməsinə tökmək olar. Mütəxəssislər bu iki məhsulun əvvəlcədən qarışdırılmamasını tövsiyə edirlər. Daha sonra adi yuma proqramı seçilir.
Əl ilə yuma zamanı isə ilıq suya təxminən dörddəbir stəkan qida sodası əlavə etmək, paltarları yuduqdan sonra ən azı iki dəfə yaxalamaq məsləhətdir.
Ləkələr üçün qida sodası
Yüngül ləkələr zamanı iki xörək qaşığı qida sodası su ilə qarışdırılaraq pasta halına gətirilə bilər. Qarışıq ləkənin üzərinə çəkilir və 15-30 dəqiqə saxlanıldıqdan sonra paltar adi qaydada yuyulur.
Həssas parçalara diqqət
Mütəxəssislər xəbərdarlıq edir ki, bu alternativlərin heç biri yun, ipək və yalnız kimyəvi təmizləməyə yararlı geyimlərdə istifadə edilməməlidir. Belə parçalar pH dəyişikliklərinə həssas olduğundan rəngin solması, teksturanın dəyişməsi və hətta parçanın geri dönməz şəkildə zədələnməsi mümkündür.
Bu səbəbdən həssas geyimlər üçün uyğun yuyucu vasitə əldə edənədək gözləmək və ya kimyəvi təmizləmə xidmətindən istifadə etmək daha təhlükəsizdir./demokrat






