"Apple" rəhbərliyində böyük dəyişikliklər gözlənilir

"Apple" şirkətinin yeni baş direktoru Con Ternusun qarşıdakı bir neçə il ərzində top-menecmentdə ciddi dəyişikliklər edəcəyi gözlənilir.
Sfera.az xəbər verir ki, söhbət şirkətin texniki avadanlıq, marketinq, pərakəndə satış və korporativ xidmətlər kimi əsas istiqamətlərinə rəhbərlik edən şəxslərin dəyişdirilməsindən gedir.
Agentliyin məlumatına görə, Ternus bəzi yüksəkvəzifəli rəhbərlərin səlahiyyətlərini də yenidən bölüşdürərək onların funksiyalarının bir hissəsini daha aşağı səviyyəli menecerlərə həvalə edə bilər.
Yaxın illərdə şirkətdən ayrıla biləcək əsas şəxslər sırasında pərakəndə satış üzrə baş vitse-prezident Deydre O'Brayen, aparat təminatı üzrə rəhbər Conni Sruci, marketinq üzrə baş vitse-prezident Qreq Cozviak və korporativ xidmətlər üzrə vitse-prezident Luka Maestrinin adları çəkilir.
Qeyd edək ki, "Apple" bu ilin aprelində 2011-ci ildən şirkətə rəhbərlik edən Tim Kukun vəzifəsindən ayrılacağını açıqlayıb. Sentyabrın 1-dən onun yerini aparat təminatının hazırlanması bölməsinə rəhbərlik edən Con Ternus tutacaq.
Tim Kukun rəhbərliyi dövründə "Apple"in bazar kapitallaşması 350 milyard dollardan 4 trilyon dollara yüksəlib, şirkətin illik gəlirləri isə təxminən dörd dəfə artıb.






