Valideyniniz 100 yaşını keçibsə, bəxtiniz gətirib: Ölüm riski azalır...

Valideynləri 100 yaşdan çox yaşayan insanların özlərinin də yaşa bağlı xəstəliklərlə daha gec qarşılaşa və daha uzun ömür sürə biləcəyi müəyyən edilib.
Sfera.az xəbər verir ki, ABŞ və Böyük Britaniyada aparılan yeni araşdırmada 4 mindən çox insanın məlumatları təhlil olunub.
Tədqiqatçılar valideynlərindən ən azı biri 100 yaşına çatmış insanları daha qısa ömür sürən valideynlərin övladları ilə müqayisə ediblər.
Nəticələrə görə, uzunömürlü insanların övladlarında ölüm riski 42 faiz, ürək-damar xəstəlikləri riski 33 faiz, yüksək qan təzyiqi riski isə 32 faiz daha aşağı olub.
Bundan əlavə, onların ölümünün orta hesabla 3 il gecikdiyi, hipertoniya xəstəliyinin yaranmasının isə təxminən 5 il sonraya qədər təxirə düşdüyü müəyyənləşdirilib.
Alimlər siqaret çəkmə, təhsil səviyyəsi, qidalanma, fiziki aktivlik, alkoqol istifadəsi və sosial-iqtisadi vəziyyət kimi amilləri də nəzərə alıblar. Nəticələrin ümumilikdə dəyişməməsi həyat tərzinin bu fərqləri tam izah etmədiyini göstərib.
Digər xəstəliklərlə bağlı nəticələr isə daha qeyri-müəyyən olub. İnsult riski üç araşdırmadan ikisində daha aşağı müəyyənləşsə də, xərçəng riski baxımından əhəmiyyətli fərq aşkarlanmayıb.
Tədqiqatçılar hesab edirlər ki, 100 yaşdan çox yaşayan insanların övladlarının öyrənilməsi uzun və sağlam ömrə təsir edən genetik və ətraf mühit amillərinin müəyyənləşdirilməsinə kömək edə bilər.
Bununla belə, alimlər araşdırmanın hansı konkret amillərin bu fərqlərə səbəb olduğunu müəyyən edə bilmədiyini bildiriblər. İştirakçıların əksəriyyətinin ağdərili olması da nəticələrin bütün əhali qruplarına şamil edilməsini məhdudlaşdırır.
İnci
Sfera.az






