Bu gündən sentyabrın 5-dək Aurigid meteor yağışı olacaq

Bu gündən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq.
Sfera.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq.
"Bakıdan Aurigid meteorlarını müşahidə etmək üçün ən əlverişli vaxt avqustun 31-dən sentyabrın 1-nə keçən gecə, xüsusilə gecə yarısından sübhədək olan saatlardır. Bu zaman radiant üfüqdən kifayət qədər yüksəyə qalxır. Bakı üçün radiantın maksimum hündürlüyü təxminən 61° olduğundan real müşahidə zamanı saatda orta hesabla 5 meteor görmək mümkündür. 2026-cı ildə Aurigid meteor yağışının maksimumu zamanı Ayın işığı müşahidələrə müəyyən maneə yaradacaq. Buna görə zəif meteorların bir hissəsi görünməyəcək və real müşahidə olunan meteor sayı az ola bilər.
Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur. Ən yaxşı nəticə şəhər işıqlarından uzaq, açıq səma altında adi gözlə aparılan müşahidələr zamanı əldə edilir. Birbaşa radianta deyil, ondan təxminən 30-40° uzaqda yerləşən səma sahəsinə baxmaq daha məqsədəuyğundur, çünki meteorların izləri həmin istiqamətdə daha uzun və aydın görünür", - məlumatda qeyd olunub.\\teleqraf






