“ChatGPT”-də limitlər aradan qalxır: Pulsuz istifadəçilər nə əldə edəcək?

“OpenAI”, “ChatGPT”-nin pulsuz versiyası ilə bağlı mühüm yenilikləri açıqlayıb. Yeni qaydalara əsasən, pulsuz və “ChatGPT Go” istifadəçiləri mətn əsaslı söhbətlərdən limitsiz yararlana biləcəklər.
Sfera.az xəbər verir ki, pulsuz və Go hesablarında standart model GPT-5.5 əvəzinə GPT-5.6 Luna olacaq. İstifadəçilərə mürəkkəb suallarda daha ətraflı cavab almağa imkan verən “Düşün” funksiyası da təqdim ediləcək.
Lakin limitsiz istifadə yalnız yazılı söhbətlərə aid olacaq. Fayl yükləmə, şəkil analizi, səsli görüşlər və şəkil yaratma funksiyalarında limitlər qüvvədə qalacaq.
Plus və Pro istifadəçiləri isə GPT-5.6 Sol modelinə və süni intellektin nə qədər “düşünəcəyini” müəyyən etməyə imkan verən yeni ayara çıxış əldə edəcəklər.
“OpenAI”-nin daxili testlərinə görə, GPT-5.5 Instant ilə müqayisədə faktlara əsaslanan səhvlər Luna-da 62 faiz, Sol-da isə 68 faiz azalıb. Bu nəticələrin hələ müstəqil araşdırmalarla təsdiqlənmədiyi bildirilir.
Yeniliklərin pulsuz və Go istifadəçilərinə mərhələli şəkildə, limitsiz yazılı söhbət və “Düşün” funksiyasının isə qarşıdakı həftə təqdim edilməsi planlaşdırılır.
Mənsumə






