“Redmi 17 5G” təqdim edildi: 6300 mAh batareya və 150 dollarlıq qiymət!

“Redmi” Çində keçirdiyi tədbirdə münasib qiyməti və böyük batareyası ilə diqqətçəkən yeni “Redmi 17 5G” smartfonunu təqdim edib.
Sfera.az xəbər verir ki, “Xiaomi”nin alt brendi olan “Redmi” yeni büdcə dostu modelini ilk olaraq Çin bazarında satışa çıxarıb. Yüksək ekran yenilənmə tezliyi və uzunmüddətli batareya ömrü ilə seçilən smartfon “HyperOS 3” əməliyyat sistemi ilə təqdim olunur.
“Redmi 17 5G” modeli 120 Hz yenilənmə tezliyinə malik 6,9 düymlük HD+ LCD ekranla təchiz edilib. Smartfonda yaş əllərlə istifadəyə imkan verən “Wet Touch 2.0” texnologiyası da yer alır.
Cihaz 6 nanometrlik istehsal prosesi ilə hazırlanan “Unisoc T8300” prosessorundan güc alır. Model 4 GB və 6 GB RAM variantlarında təqdim edilir.
Smartfonun ən diqqətçəkən xüsusiyyətlərindən biri 6300 mAh tutumlu batareyasıdır. İstehsalçı batareyanın dörd il ərzində sağlamlığını qoruyacaq şəkildə hazırlandığını bildirir. Cihaz 15 Vt sürətli şarj dəstəyinə malikdir.
Kamera imkanlarına gəlincə, “Redmi 17 5G”-nin arxa panelində 13 meqapiksellik əsas kamera, ön hissəsində isə 8 meqapiksellik selfi kamerası yerləşdirilib. Smartfonda 3,5 mm-lik qulaqlıq girişi də mövcuddur.
Üç fərqli rəng variantında təqdim edilən smartfonun 4 GB RAM və 128 GB yaddaşa malik versiyası 150 dollar, 6 GB RAM variantı isə 180 dollar qiymətinə satışa çıxarılıb.
“Redmi 17 5G”-nin qlobal bazarlarda nə vaxt satışa təqdim ediləcəyi hələlik açıqlanmayıb.
Mənsumə





