“Redmi”nin ən böyük batareyalı telefonu gəlir

“Redmi” performans yönümlü yeni “Redmi Turbo 6” seriyası üzərində işlərini sürətləndirib. Seriyanın ən güclü modeli olması gözlənilən “Redmi Turbo 6 Max” barədə ilk texniki detallar ortaya çıxıb.
Sfera.az xəbər verir ki, sənaye mənbələrinin məlumatına görə, yeni model hazırda 10.000 mAh tutumlu nəhəng batareya ilə sınaqdan keçirilir. Bu göstərici cihazı “Redmi” tarixində ən böyük batareyaya malik smartfonlardan birinə çevirə bilər.
Məlumata əsasən, telefonun arxa hissəsində minimalist üslubda ikili kamera sistemi yerləşdiriləcək. Həmçinin dizaynda əvvəlki nəsillərdən fərqli olaraq üfüqi kamera modulunun istifadə ediləcəyi iddia olunur.
Sızdırılan məlumatlara görə, “Redmi Turbo 6 Max” 2K təsvir ölçüsünə malik 7 düymlük düz OLED ekranla təchiz olunacaq. Smartfonun 3 nanometrlik istehsal prosesi ilə hazırlanan MediaTek Dimensity 9 seriyalı güclü prosessorla işləyəcəyi gözlənilir.
Bundan başqa, cihazın metal orta çərçivəyə, IP68 və IP69 suya və toza davamlılıq sertifikatlarına sahib olacağı bildirilir. Təhlükəsizlik baxımından isə ekrana inteqrasiya olunmuş ultrasəs barmaq izi skanerinin təqdim ediləcəyi qeyd olunur.
Çinli mənbələrin iddiasına görə, performans yönümlü yeni flaqman modelinin 2027-ci ilin yanvar ayında rəsmi təqdimatı baş tuta bilər. Yeni modelin bazara çıxması ilə “Redmi”nin həm batareya ömrü, həm də performans sahəsində iddiasını daha da gücləndirəcəyi gözlənilir.
Mənsumə






