“iPhone 18 Pro” ilə bağlı ŞOK QƏRAR – qiymətlər artırılır

“Apple” şirkətinin yeni “iPhone” modellərinin təqdimatına hazırlaşdığı bir vaxtda “iPhone 18 Pro” seriyasının qiymətləri ilə bağlı yeni məlumat yayılıb.
Sfera.az xəbər verir ki, şirkətin sentyabr ayında təqdim edəcəyi gözlənilən “iPhone 18 Pro” və “iPhone 18 Pro Max” modellərinin əvvəlki nəsillə müqayisədə daha baha olacağı iddia edilir.
Məlumata görə, analitik Ceff Pu-nun yeni hesabatına əsasən, “iPhone 18 Pro” ötənilki modeldən təxminən 250-300 dollar baha satıla bilər. Bu halda 256 GB yaddaşa malik baza versiyasının qiyməti 1349-1399 dollar təşkil edəcək.
“iPhone 18 Pro Max” modelinin də bahalaşacağı gözlənilir. Onun qiymətinin 1449-1499 dollar arasında olacağı bildirilir.
Qiymət artımının əsas səbəbləri arasında yaddaş komponentlərinin bahalaşması və yeni 2 nanometrlik A20 Pro prosessorunun istehsal xərclərinin yüksək olması göstərilir. İddialara görə, yaddaş modullarının qiyməti son bir il ərzində təxminən dörd dəfə artıb.
Bəzi analitiklər daha əvvəl də “iPhone 18 Pro”-nun başlanğıc qiymətinin 1399 dollar ola biləcəyini proqnozlaşdırıblar.
“Apple” nəzəri olaraq artan xərcləri öz üzərinə götürərək əvvəlki qiymət siyasətini qoruyub saxlaya bilər. Lakin Ceff Pu bunun real ssenari olmadığını düşünür. Şirkətin iyunun sonunda “MacBook”, “iPad” və digər məhsullarının qiymətlərini artırması da “Apple”-ın artan xərcləri istehlakçıların üzərinə yönəltməyə hazır olduğunu göstərir.
Məsumə
Sfera.az





