Seda Sayan: “Haluk Levent mənə güvən vermədi”

Ahbap Dərnəyi ilə bağlı aparılan araşdırma çərçivəsində açıqlama verən məşhur müğənni Seda Sayan dərnəyə heç vaxt ianə etmədiyini bildirib. O, yardımlarını yalnız Qızılay və dövlət tərəfindən tövsiyə olunan qurumlar vasitəsilə etdiyini deyib.
Sfera.az xəbər verir ki, Ahbap Dərnəyinin fəaliyyəti ilə bağlı araşdırma davam edərkən bir çox məşhur şəxsin ifadəsi alınır. Seda Sayan isə açıqlamasında Haluk Leventə güvənmədiyini bildirib.
Türkiyənin uzun illər ən etibarlı məşhurlarından biri seçilən Sayan 2025-ci ilin ən güvənilən siması seçilən Haluk Levent haqqında fərqli fikirdə olduğunu deyib.
“Öncəgörmə qabiliyyətim yüksək olan qadınam. Kimə və necə kömək edəcəyimi çox yaxşı bilirəm. Həm də hər şeyi ətraflı araşdırıram. Haluk Leventi çox əvvəldən tanıdığım üçün mənə güvən vermirdi”, – deyə Sayan bildirib.
Müğənni qeyd edib ki, yardım edərkən seçimlərinə diqqət edir:
“Mən də Türkiyənin ən güvənilən insanlarından biri olduğum üçün ianələrimi hər zaman Qızılay və dövlətimin tövsiyə etdiyi yerlərə etmişəm, bundan sonra da belə davam edəcəyəm”.
Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən Ahbap Dərnəyinin topladığı ianələrlə bağlı araşdırma aparılır. Araşdırma çərçivəsində dərnəyin bəzi rəhbərləri ilə bağlı hüquqi proses başladılıb.
Mənsumə






