"Bu 6 rəqəmi paylaşan kimi hesabınız oğurlanır" - WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ

"Bu 6 rəqəmi paylaşan kimi hesabınız oğurlanır" - WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
T

Sosial platformalar və süni intellekt insanların məlumata əlçatanlığını asanlaşdırsa da ondan öz maraqları naminə istifadə edənlərin də işini yüngülləşdirir. Sosial platformalarda yuva salan kiber-quldurlar rəqəmsal savadlılığı aşağı olan istifadəçiləri tələyə salırlar.

Son zamanlar ən geniş yayılan hiylə isə vətəndaşların WhatsApp hesablarını ələ keçirərək, kontaktındakı tanışlarından pul qoparmaqdır. Kiberdələduzlar psixoloji təsir mexanizmi əsasında, özlərini güvənilən aktor kimi təqdim edib, qarşı tərəfin telefonuna gələn WhatsApp doğrulama kodunu istəyirlər. Qarşı tərəf bunun tələ olduğunu anlamayıb, kodu göndərdikdə, WhatsApp hesabı kiberdələduzların əlinə keçir. Öz şəxsi hesabına daxil ola bilməyən vətəndaş, kiberdələduzların tanışlarına nə yazdığını görmür. Beləliklə fırıldaqçılar həmin vətəndaşın adından kontaktda olan şəxslərdən pul istəyir. Hətta vəsaiti göndərmələri üçün bank kartı nömrələrini də mesaja əlavə edirlər. Onlar bunu elə ustalıqla edir ki, kontaktdakı şəxslər də, tanışının çətin vəziyyətdə olduğuna inanıb, pul atmağa məcbur qalır.

Kiberdələduzlar qurduqları oyun sayəsində insanlara həm mənəvi həm maddi həm də psixoloji zərbə vururlar.

Sfera.az bildirir ki, mövzu ilə bağlı Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Sherg.az-a bildirib ki, WhatsApp hesablarının ələ keçirilməsi ən çox yayılan kiberdələduzluq üsullarından biridir:

“Kiberdələduzlar başqasının mobil cihazına fiziki olaraq müdaxilə etmədən də uzaqdan texniki hiylələrlə onun WhatsApp hesabına daxil olmağı bacarırlar. Onlar başqa bir cihazda qurbanın nömrəsi ilə WhatsApp-a daxil olarkən, gələn 6 rəqəmli təsdiq kodunu müxtəlif bəhanələrlə, "kredit təsdiqləndi", "hədiyyə qazandınız" və ya "səhvən sizə SMS getdi" deyərək ələ keçirirlər. Kod əllərinə keçən kimi vətəndaşın hesabı uzaqdan digər cihaza köçür. Həmçinin şübhəli linklər vasitəsilə saxta saytlara daxil olduqda da hesabın paralelləşdirilməsi imkanı yaranır”.

Ekspert WhatsApp-ın təhlükəsizliyini kibercinayət təhdidlərinə qarşı gücləndirməyin ən effektiv yolunu açıqlayıb:

“WhatsApp-ın təhlükəsizliyini gücləndirmək üçün ilk növbədə, Parametrlər → Hesab → İkiaddımlı doğrulama (Two-Step Verification) funksiyasını aktivləşdirib, 6 rəqəmli PİN kod təyin etmək lazımdır. PİN kod olduqda, dələduzlar SMS kodunu ələ keçirsələr belə, hesaba daxil ola bilmirlər. Dəfələrlə bəyan edirik ki, telefona gələn təsdiq kodlarını özünüzdən başqa heç kimə ötürməyin. Vətəndaşların ən çox tələyə düşdüyü məqam saxta saytlardır. İstifadəçilər şübhəli linklərə daxil olmaqla, kiberdələduzlara öz şəxsi hesablarını ələ keçirmək üçün şərait yaradırlar”.

E. Abbasov, WhatsApp hesabı kiberdələzular tərəfindən ələ keçirilən vətəndaşlara bir sıra tövsiyyələr verib:

“İlk növbədə öz telefonlarında proqrama həmin nömrə ilə yenidən daxil olmağa çalışsınlar. Çünki SMS vasitəsilə gələn yeni təsdiq kodunu proqrama daxil etdikdə, dələduzların cihazındakı aktiv hesab avtomatik kəsiləcək. Bununla yanaşı, kontaktdakı tanışlarınıza başqa yollarla dərhal xəbərdarlıq edin ki, gələn pul tələblərinə inanmasınlar. Dələduzların göndərdiyi kart nömrələri və mesajlar skrinşot edilərək, fakt və dəlil kimi birbaşa Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Kibertəhlükəsizlik Mərkəzinə göndərilməlidir. Bəzən dəlil yetərsizliyindən minlərlə insan kiberdələduzların məkrli planlarının qurbanı olur”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR