Burada 10 dəqiqədən çox qalmaq ölümə yol açır

Şimali Amerikada yerləşən və planetin ən böyük məlum kristallarına ev sahibliyi edən sirli mağara həm möhtəşəm görünüşü, həm də ölümcül şəraiti ilə alimlərin diqqətini cəlb edir.
Sfera.az xəbər verir ki, söhbət Meksikanın Çiuaua ştatındakı Sierra de Naica dağının təxminən 300 metr dərinliyində yerləşən Kristallar mağarasından gedir. Bu unikal məkan yalnız 2000-ci ildə aşkarlanıb. Mağaranın ölçüləri təxminən 30x10 metrdir və divarları ilə tavanı nəhəng ağ selenit gips kristalları ilə örtülüb. Buradakı ən böyük kristalın hündürlüyü 11,4 metr, eni isə təxminən 1 metrdir. Onun çəkisinin 12 tona çatdığı bildirilir. Bəzi kristalların isə 50 tondan artıq olduğu qeyd edilir.
Lakin bu möhtəşəm mənzərə son dərəcə təhlükəli şəraitdə yerləşir. Mağaranın daxilində temperatur daim 58 dərəcə Selsi, rütubət isə 90-99 faiz arasında dəyişir. Mütəxəssislərin sözlərinə görə, xüsusi qoruyucu vasitələr olmadan burada 10 dəqiqədən artıq qalmaq ağciyərlərdə maye toplanmasına və hətta ölümə səbəb ola bilər. Bu səbəbdən mağara turistlərin üzünə bağlanıb. Burada tədqiqat aparan alimlər xüsusi istiliyədavamlı geyim və təmiz hava verən nəfəs aparatlarından istifadə edirlər. Bunun sayəsində mağarada qalma müddətini 15-60 dəqiqəyədək uzatmaq mümkün olur.
Bununla belə, qoruyucu geyim belə təhlükəni tam aradan qaldırmır. Kristalların səthi yüksək rütubət səbəbindən olduqca sürüşkəndir. Bundan başqa, gips yumşaq mineral olduğundan nəhəng kristallar insanların ağırlığı altında zədələnə və yerindən tərpənə bilər. Alimlərin araşdırmalarına görə, Naica dağı təxminən 26 milyon il əvvəl maqmanın Yer qabığına təzyiq göstərməsi nəticəsində formalaşıb. Mağaralar uzun müddət kalsium-sulfatla zəngin isti su ilə dolu olub və bu şərait selenit kristallarının minilliklər boyu böyüməsinə imkan verib. 2017-ci ildə NASA-nın mikrobioloqları mağarada maraqlı kəşfə imza atıblar.
Onlar kristalların daxilində qapalı qalmış maye damcılarından təxminən 50 min il yaşı olan mikroorqanizmlər aşkarlayıblar. Alimlər hesab edirlər ki, bu mikroblar kristalların tərkibindəki manqan və dəmirlə qidalanaraq minilliklər boyu həyatlarını davam etdiriblər.
Firuzə Əliyeva






