Ən xoşbəxt ölkələr BUNLARDIR

2026-cı ildə yaşayış keyfiyyətinin ən yüksək olduğu ölkələrin reytinqi açıqlanıb.
Sfera.az xəbər verir ki, "Wharton School of Business" tərəfindən hazırlanan "Best Countries 2026" reytinqi 33 ölkədən 15 131 yetkin respondent arasında keçirilən sorğu əsasında tərtib edilib. Araşdırma insanların bu gün ən yüksək həyat keyfiyyətinin hansı ölkələrdə təmin olunduğuna dair fikirlərini əks etdirir. Reytinq hazırlanarkən təhlükəsizlik, səhiyyə və təhsil sisteminin səviyyəsi, iqtisadi imkanlar, dövlət xidmətlərinin keyfiyyəti, sosial infrastruktur və ümumi rifah kimi meyarlar nəzərə alınıb.
Araşdırmaya əsasən, 2026-cı ildə yaşayış keyfiyyətinə görə ilk üçlük belədir:
1. İsveç – 100 bal
2. Danimarka
3. Kanada
Ümumilikdə ilk 30 ölkədən 20-si Avropada yerləşir ki, bu da qitənin yüksək sosial rifah və sabitlik göstəricilərini bir daha təsdiqləyir. Tədqiqat ÜDM, xarici investisiya axını, turizm və insan inkişafı səviyyəsi kimi meyarlara cavab verən 85 ölkəni əhatə edib. İsveç 100 ballıq göstərici ilə etalon ölkə seçilib və digər dövlətlərin nəticələri onun göstəricisinə nisbətən hesablanıb.
Mütəxəssislərin fikrincə, siyahının ilk pillələrində qərarlaşan ölkələri birləşdirən əsas xüsusiyyətlər səmərəli dövlət idarəçiliyi, əlçatan səhiyyə sistemi, yüksək ictimai təhlükəsizlik, inkişaf etmiş sosial müdafiə mexanizmləri və vətəndaşların həm bir-birinə, həm də dövlət institutlarına yüksək etimadıdır. Araşdırmanın nəticələri digər beynəlxalq hesabatlarla da üst-üstə düşür. Belə ki, Finlandiya ardıcıl doqquzuncu dəfə Dünya Xoşbəxtlik Hesabatında birinci olub.
Danimarka, Norveç və İsveç də uzun illərdir rifah, sosial etimad və həyat məmnuniyyəti üzrə dünya liderləri sırasında yer alır. Reytinqin son sıralarında isə uzunmüddətli silahlı münaqişələr, siyasi qeyri-sabitlik, zəif dövlət institutları və iqtisadi problemlərlə üzləşən ölkələr qərarlaşıb. Araşdırmaya görə, Ukrayna yaşayış keyfiyyətinə görə sonuncu yerdə qərarlaşıb. Ondan əvvəlki pillələrdə isə İran və Livan yer alıb. Hesabatda vurğulanır ki, müasir dövrdə yüksək iqtisadi göstəricilər təkbaşına ölkənin yaşamaq üçün ideal məkan kimi tanınmasına kifayət etmir. Bunun üçün təhlükəsizlik, keyfiyyətli səhiyyə və təhsil, güclü sosial təminat sistemi, səmərəli dövlət idarəçiliyi və cəmiyyət daxilində yüksək etimad əsas amillər hesab olunur.
Firuzə Əliyeva
