Kosmosda "qızıl axtarışı" başlayır

Kosmosda "qızıl axtarışı" başlayır
Kateqoriya məlum deyil
T

Kosmos sənayesi artıq təkcə peyklərin orbitə buraxılması və elmi tədqiqatlarla məhdudlaşmır.

Gələcəyin ən iddialı iqtisadi istiqamətlərindən biri asteroidlərdən faydalı qazıntıların çıxarılması hesab olunur. Bir vaxtlar elmi fantastika kimi görünən bu ideya texnologiyaların inkişafı ilə getdikcə reallığa çevrilir.

Sfera.az xəbər verir ki, "ResearchAndMarkets" şirkətinin araşdırmasına əsasən, yaxın illərdə asteroid mədənçiliyi bazarı sürətlə genişlənə və həcmini bir neçə dəfə artıra bilər. Hesabatda bildirilir ki, bazarın inkişafını sürətləndirən əsas amillər nadir metallara artan qlobal tələbat, kommersiya kosmik missiyalarının çoxalması, həmçinin avtonom robot texnologiyalarının inkişafıdır.

Mütəxəssislər xüsusilə insan müdaxiləsi olmadan asteroidlərdə faydalı qazıntıları müəyyənləşdirə, hasil edə və emal edə bilən robot sistemlərinin yaradılmasına diqqət çəkirlər. Asteroidlər qiymətli metalların yeni mənbəyi ola bilər. Asteroidlərdə platin qrupu metalları, nikel, dəmir və digər qiymətli elementlərin olduğu ehtimal edilir. Bu materiallar elektronika, enerji, avtomobil sənayesi, yüksək texnologiyalar və kosmik avadanlıqların istehsalında geniş istifadə olunur.

Ekspertlər hesab edirlər ki, gələcəkdə bu resursların kosmosdan əldə olunması Yer üzündə nadir metalların çatışmazlığını qismən aradan qaldıra, yeni sənaye sahələrinin formalaşmasına və kosmos iqtisadiyyatının daha da inkişafına təkan verə bilər. Bununla yanaşı, asteroid mədənçiliyinin həyata keçirilməsi üçün yüksək maliyyə xərcləri, texniki çətinliklər və beynəlxalq hüquqi tənzimləmələr kimi problemlərin də həll olunması vacib hesab edilir. Hazırda dünyanın aparıcı kosmik agentlikləri və özəl şirkətləri bu istiqamətdə texnologiyaların hazırlanması üzərində işləyirlər. Mütəxəssislər hesab edirlər ki, qarşıdakı onilliklərdə asteroidlərdən resursların çıxarılması kosmos iqtisadiyyatının əsas gəlir mənbələrindən birinə çevrilə bilər.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ