Artıq çəkidən qurtulmağın əsas sirri açıqlandı: “Qarın nahiyəsini günəşləndirin”

Artıq çəkidən xilas olmağın yolları hər zaman maraq doğurur. Diyetoloq Ersin Özdemir arıqlamaq üçün tətbiq etdiyi gündəlik vərdişlərdən danışaraq diqqətçəkən açıqlamalar verib.
Sfera.az “Ensonhaber”ə istinadən xəbər verir ki, mütəxəssis artıq çəkidən qurtulmasının sirrini səhər acqarına fiziki aktivlik, düzgün qidalanma rejimi və bəzi gündəlik vərdişlərlə əlaqələndirib.
Onun sözlərinə görə, səhər yuxudan duran kimi səhər yeməyi yemir. Əvəzində acqarına mütləq gəzintiyə çıxır, velosiped sürür və ya üzgüçülüklə məşğul olur.
Diyetoloq bildirib ki, yalnız acdığını hiss etdikdə qidalanır və doyduğu anda yeməyi dayandırır.
Özdemirin ən diqqətçəkən tövsiyələrindən biri isə qarın nahiyəsini günəşləndirmək olub. O iddia edib ki, bu üsul qarın nahiyəsində piy qatının azalmasına kömək edir. Mütəxəssisin fikrincə, günəş şüaları orqanizmdə D vitamini səviyyəsini artırır, bunun nəticəsində ağ piy hüceyrələrinin bir hissəsi qəhvəyi piy hüceyrələrinə çevrilərək enerji sərfiyyatında istifadə olunur.
Bundan əlavə, Ersin Özdemir yaşıl çay və ağ çay qəbul etdiyini, həmçinin axşam yeməyini erkən saatlarda bitirdiyini bildirib.
Qeyd edək ki, mütəxəssisin bu fikirləri şəxsi təcrübəsinə əsaslanır. Xüsusilə qarın nahiyəsinin günəşləndirilməsinin piy toxumasını azaltdığı ilə bağlı iddialar elmi baxımdan tam təsdiqlənmiş yanaşma hesab edilmir və bu mövzuda araşdırmalar davam edir.
Bəsti Rəfizadə
