Yer və Mars arasında zaman fərqli çalışırmış - TƏDQİQAT

ABŞ-nin Milli Standartlar və Texnologiya İnstitutu (NIST) alimlərinin yeni araşdırması Mars və Yer arasında zaman axınının fərqli olduğunu üzə çıxarıb. Tədqiqat nəticələrinə görə, Mars səthində atom saatları hər gün orta hesabla 477 mikrosaniyə Yer saatlarından daha sürətli işləyir.
Sfera.az xəbər verir ki, ümumi nisbilik nəzəriyyəsinə əsasən, qravitasiya gücü azaldıqca zaman daha sürətli keçir. Məhz buna görə Marsda zaman axını Yerdən fərqli olur və bir Mars ili ərzində fərq gündəlik 226 mikrosaniyəyə qədər dəyişə bilir.
Məlumata görə, Marsın bir günü “sol” Yer günündən təxminən 40 dəqiqə uzun, bir Mars ili isə 687 Yer gününə bərabərdir. Lakin bu təqvim fərqləri zamanın axın sürətini izah etmir. Yeni model və hesablamalar Marsda zamanın fundamental olaraq daha sürətli keçdiyini təsdiqləyib. Alimlərin sözlərinə görə, bu fərq gələcək Mars missiyaları üçün mühüm əhəmiyyət daşıyır. Hazırda Yerdən Marsa göndərilən siqnalların çatması planetlərin mövqeyindən asılı olaraq 4–24 dəqiqə çəkir. Vaxt axınının fərqli olması isə rabitə, naviqasiya və avtonom sistemlərin idarə olunmasında əlavə çətinliklər yaradır.
Mütəxəssislər bildiriblər ki, gələcəkdə Mars koloniyalarının yaradılması və planetlərarası internet sistemlərinin qurulması üçün vahid və dəqiq zaman standartının hazırlanması qaçılmaz olacaq.
Bəsti Rəfizadə
Sfera.az
