Məhkumların həbsxanadan dronla qaçışı gündəm oldu

Şərqi Fransanın Burqundiya bölgəsindəki Dijon həbsxanasından iki məhbusun qeyri-adi qaçışı gündəm olub. Belə ki, məhbuslar kamera barmaqlıqlarını kəsmək üçün dronla çatdırıldığı güman edilən bıçaqlardan istifadə edərək qaçıb. Qaçışdan sonra polis məhbusları tutmaq üçün ətraf ərazidə genişmiqyaslı əməliyyata başlayıb.
Sfera.az xəbər verir ki, məhbusların qətl cəhdində ittiham olunan 19 yaşlı və həyat yoldaşına qarşı zorakılıqda ittiham olunan 32 yaşlı kişilər olduğu bildirilir. Həmkarlar ittifaqı aylardır Dijon həbsxanasında təhlükəsizlik şəraitinin pisləşdiyi barədə xəbərdarlıq etdiklərini bildirib.
Həmkarlar ittifaqı isə həbsxana rəhbərliyini günahlandırır.
Həmkarlar ittifaqı “Facebook”da dərc olunan açıqlamada: "Dəfələrlə etdiyimiz xəbərdarlıqlara baxmayaraq, rəhbərlik tamamilə kor qalmağı seçib və reallığı yerində görməkdən imtina edib," - deyə bildirib.
Bu qaçış ötən həftə Rennes-Vezin həbsxanasından qaçışdan sonra baş verib. Rennes-Vezində isə bir məhbus gəzinti zamanı qaçıb. Ədliyyə naziri Gerald Darmanin dərhal həbsxana direktorunu işdən çıxarıb.
Ədliyyə Nazirliyinin iyul ayına olan məlumatlarına görə, Fransa həbsxanalarının ümumi tutumu 62.509 nəfərdir, lakin orada 85.000 məhbus var. Orta doluluq nisbəti 135,9%-ə çatsa da, 29 müəssisədə bu nisbət 200%-dən yuxarıdır.
Aynil
